Məhkəmə qərarları › İş №3(060)-681/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-681/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-681/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 4, mənzil 48-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 14:30-da Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Araz” Marketin qarşısında Zərərçəkmiş şəxs döymüşdür. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PBnin sahə rəisi polis mayoru X2 protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 14:30-da Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Araz” Marketin qarşısında Zərərçəkmiş şəxs ilə mübahisələri olmuş, Zərərçəkmiş şəxs onu döyərək xəsarət yetirmiş, həmin işə məhkəmədə baxılaraq nəticə verilmiş, hazırda icradadır. Amma o Könülü döyməmiş, ancaq aralamaq üçün kənara itələmişdir. Könüllə barışmamışdır, təqsiri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 14:30-da Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Araz” Marketin qarşısında onu döymüşdür. Şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Şəxs barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş edir. İşdə olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərardakı məlumatlardan görünür ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 766 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ qulaq seyvanının, sağ bazunun qançırları, boyun nahiyəsinin və döş qəfəsinin sıyrıqlarından ibarət xəsarətlər vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir gün əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İşdə olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi olmadığından onun barəsində cinayət təqibinin rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarındakı məlumatlardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat xx xxxxxx 2021-ci ildə başlanılmış, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi olmadığından onun barəsində cinayət təqibinin rədd edilməsi qərara alınmışdır. Həmin qərar qəbul edildiyi gündən üç aydan çox müddət keçmişdir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati qaydada məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.0.6, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar