Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-681/2023 15.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gündüz Aslanovun, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Sumqayıt şəh., H.Z.Tağıyev qəs., d/yol evi, pç-14 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 19286/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş, hazırda 1340 manat aliment borcu yaranmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanov məhkəməyə izahat verərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-19286/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 1340 manat aliment borcu yaranmışdır. Lakin Şəxs borcunu ödəməkdən yayınmışdır. Borclunun daimi iş yeri olsa da məcburi icra tədbiri olaraq tələb onun əmək haqqına yönəldilməmişdir. Bu gündən etibarən məcburi icra tədbiri olaraq tələb borclunun əmək haqqına yönəldiləcəkdir. Eyni zamanda bildirir ki, borclu xx.xx.2023-cü il tarixdə 100 (bir yüz) manat bugünki tarixdə isə aliment borcundan daha 100 (bir yüz) manat ödəniş etmişdir. Qeyd olunanları o cümlədən inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, onun Sumqayıt şəhər Məhkəməsinin 2(060)-19286/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən məlumatı var. Lakin o, aliment borcunu ödəməkdən yayınmır. Belə ki, o hal-hazırda “FBF MMC-də” sürücü işləyir, aylıq əmək haqqısı 350 manat təşkil edir. O, sonuncu dəfə 10 mart 2023-cü il tarixdə əmək haqqısını alan kimi tələbkara aliment borcundan 100 (bir yüz) manat ödəmiş, bugünki tarixdə daha 100 (bir yüz) manat ödəniş edir. Barəsində icra məmuru tərəfindən axtarış elan olunsa da 30 ildir ki, qeydiyyatda olduğu ünvanda yaşayır. Tələbin onun əmək haqqına yönəldilməsinə etiraz etmir. O, tələbkar ilə ayrıldıqdan sonra yenidən ailə həyatı qurmuş və himayəsində 3 övladı var. Qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-19286/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədiə əsasən borcludan 1340 manat pul tutularaq ona ödənilməlidir. Bugün borclu tərəfindən ödənilmiş 100 manatı qəbul etmişdir. Əgər mütəmadi olaraq borclunun əmək haqqından pul tutularaq ona ödənilərsə heç bir şikayəti də olmaz. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatlarından görünür ki, sonuncu öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmır. Məhkəmə istintaqı zamanı borclu öz ifadəsində də bu ay ödəniş etdiyini və məcburi icra tədbiri olaraq borcunun əmək haqqına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi aliment borcunun icra edilməsi ilə bağlı borclu tərəfindən heç bir qərəz nümayiş etdirilməmişdir. Tələbin ödənilməsi istiqamətində icra məmuru tərəfindən bütün mümkün icra tədbirləri həyata keçirilmədən protokol tərtib edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. AR İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-681/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-681/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver