Məhkəmə qərarları › İş №3(060)-682/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-682/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-682/2023 06.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı Turan Abbasovun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Şamxal Rzayevin iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 00700-00076/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00700-00076/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Protokola əsasən, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********9993 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Baş Gömrük İdarəsində alğı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 7675.20 ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmaması barədə Sumqayıt Baş Gömrük İdarəsinin Təhqiqat Bölməsinə 34/012/00915 saylı xx.xx.2023-cü il tarixli raport daxil olmuşdur. Buna görə də "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı Turan Abbasov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, "xxxx" MMC tərəfindən xarici valyuta vəsaitlərinin qaytarılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş 180 gün müddət 14 fevral 2023-cü il tarixdə bitmişdir. Bundan sonra yol verilmiş pozuntunun aradan qaldırılması məqsədi ilə 21 fevral 2023-cü il tarixdə MMC-nin ünvanına bildiriş göndərilmişdir. Tərəfindən 09 mart 2023-cü il tarixdə X1 sistemi informasiya resursuna baxış keçirilən zaman məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən 7675.20 ABŞ dolları məbləğində xarici valyuta pul vəsaiti hələ də MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməmişdir. Həmçinin qeyd olunan pozuntu faktı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin izahatı, raport və iş materiallarına əlavə edilən digər sənədlər ilə öz əksini tapmışdır. Buna görə də tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Şamxal Rzayev bildirdi ki, tərtib edilmiş protokol ilə razı deyil, əsassız olaraq tərtib edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş 180 gün müddət 14 fevral 2023-cü il tarixdə başa çatdığı halda, alıcı tərəfindən 7675.20 ABŞ dolları məbləğində xarici valyuta onların Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına vaxtında köçürülmüşdür. Belə ki, bu faktı təsdiq edən məlumatlar müvəkkil bank "xxxx" ASC tərəfindən verilmiş 31 mart 2023cü il tarixli məktubda "xxxx" MMC-nin (VÖEN:**********) Paşa Bank ASC-də mövcud olan AZ44PAHA40140USDHC********** saylı hesabına xx.xx.2022-ci il tarixində 2,954.00 USD və xx.xx.2022-ci il tarixində 4,731.81 USD daxil olan vəsaitlər **********9993 saylı yük gömrük bəyənnaməsi üzrə bəyan edildiyinin göstərildiyini bildirdi. Təhqiqat dövründə ilkin izahat verən zaman inzibati xətanın onlar tərəfindən törədilməsini etirafedici izahat vermədiyini bildirdi. Qeyd olunanlara əsasən inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan hüquqi şəxsin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********9993 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən “Aluminium kabel” malları Azərbaycan Respublikasından ixrac edilmişdir. İş materiallarında olan Gömrük Xidmətinin X1 sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli, STP-SD-202200318 müqaviləyə istinad etməklə xx.xx.2022-ci il tarixli **********9993 sorğu nömrəli gömrük bəyannaməsi üzrə alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 7675,20 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. X1 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - alğısatqı üzrə hesabat bölməsi informasiya resursuna həyata keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən alqı-satqı yolu ilə xx.xx.2022-ci il tarixli **********9993 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 7675,20 (yeddi min altı yüz yetmiş beş dollar, 20 sent sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. İş materiallarına əlavə olunan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" ASC-də mövcud olan AZ44PAHA40140USDHC********** saylı hesabına xx.xx.2022-ci il tarixində 2,954.00 USD (iki min doqquz yüz əlli dörd ABŞ dolları, 00 sent) və xx.xx.2022-ci il tarixində 4,731.81 USD ( dörd min yeddiz yüz otuz bir ABŞ dolları, 81 sent) daxil olan vəsaitlər **********9993 saylı yük gömrük bəyannamə üzrə bəyan olunmuşdur. Qalıq 0.00 (sıfır) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. İş materiallarına əsasən "xxxx" MMC tərəfindən müvəkkil bankın hesabına pulun köçürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş 180 gün müddət 14 fevral 2023-cü il tarixdə başa çatır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə bütün ödənişlər həyata keçirilmiş, heç bir qalıq qalmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edilir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: -xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; -əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması kimi hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi "xxxx" MMC tərəfindən həm protokolda göstərilən həm də İXM-nin 483-cü maddəsinin obyektv cəhətini təşkil edən hərəkətlərin edilməsi öz təsdiqini tapmır, hüquqi şəxs tərəfindən 7675.20 ABŞ dolları məbləğində xarici valyuta qanunvericiliklə müəyyən edilmiş müddət ( 180 gün) ərzində müvəkkil bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar