Məhkəmə qərarları › İş №3(060)-688/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-688/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-688/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin X5 Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin X5 Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 400 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Taleh Məşədiyev şikayətlə Bərdə rayon məhkəməsinə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023cü il tarixli qərarın ləğv edilməsini, sürücülük vəsiqəsində qeyd olunan 5 (beş) balın ləğv edilməsini, onun şəxsiyyətini təhqir edən və sağlamlığına zərər vuran polis polkovnikleytenantı Yelmar Paşayevin, polis kapitanı Valeh Mustafayevin, 1805, 1806 döş nişanları olan YPX inspektorları və şəxsiyyəti məlum olmayan PPX əməkdaşı olan şəxslərinin cəzalandırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-143/2024 saylı qərardadına əsasən Bərdə Rayon Polis Şöbəsi DYPB tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* saylı qərar və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsi bununla bağlı Azərbaycan Respublikası İXM-nin 129.1.3cü maddəsinə istinad etmiş və qərardadını onunla əsaslandırmışdır ki, X1 ünvan 1 ünvanında qeydiyyatda olduğundan şikayət ərizəsi və və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək Bərdə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırkı işə Bərdə Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarından görünür ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. İnzibati xəta hərəkətlə törədildiyi hallarda onun törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən İXM-nin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunan Məcəllənin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Baxılan iş üzrə törədilməsi ehtimal olunan İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkət formasında həyata keçirildiyi üçün onun törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, hadisə yeri Bərdə şəhəri, Meşəlik ərazisidir. Bu baxımdan, hazırki inzibati xətanın törədildiyi yer xətanın faktiki törədildiyi yer hesab olunduğundan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarının tələblərinə əsasən həmin qərardan şikayət də inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə verilməlidir. İş materiallarından görünür ki, Taleh Məşədiyevin qeyd olunan məzmunda vəsatəti yoxdur. Beləliklə, hesab edirəm ki, Taleh Məşədiyev tərəfindən Bərdə Rayon Polis X4 Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayəti düzgün olaraq Bərdə Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarı). Məhkəmə aidiyyəti institutu şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi təminatlardan biridir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyrimümkün edə bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 6 oktyabr tarixli Qərar). Məhz bu baxımdan və Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsaslanaraq, məhkəmə işi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmiş Bərdə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, bununla bağlı fikir ayrılığı var, bu fikir ayrılığı məsələsi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həll edilməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, İXM-də məhkəmələr arasında məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığı olduqda inzibati xəta haqqında işin bir məhkəmədən digərinə göndərilməsi ilə bağlı müddəa yoxdur. Ancaq məhkəmə “İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinad edərək hesab edir ki, qanunun analogiyası tətbiq edilməli və Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından hazırkı iş üzrə məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığı məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 129, 118-cı maddələrini, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarı, Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin X5 Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə dair 3(060)-688/2024 saylı iş materialları məhkəmə aidiyyatının müəyyən edilməsi məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar