Məhkəmə qərarları › İş №3(060)-688/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-688/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-688/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmş EQ 26436660 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş EQ 26436660 saylı, xx.xx.2025ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla Elşad İsayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Elşad İsayev məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Elşad İsayev şikayətini onunla əsaslandırmışdır ki, 05 mart 2025-ci il tarixdə saat 14:58-də mobil nömrəsinə mesaj gəlmiş, qayda pozuntusu etdiyi üçün 20 manat cərimə olunduğu ona bildirilmişdir. SMS-də onun İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (346.1. Bu Məcəllənin 346.2-346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə) törətməsi və törətmiş olduğu xətaya görə inzibati məsuliyyətə cəlb edildiyi qeyd edilmişdir. Qeyd edir ki, heç bir qanuni əsası olmayan inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında heç bir əsaslandırma olmadan və bu halı sübuta yetirmədən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Bildirir ki, özünə məxsus ** FA *** dövlət nömrə nişanlı avtomobili park etdiyi ərazi Sumqayıt Məhkəmə Kompleksinin həyətində avtomobillər üçün ayırılmış dayanacaqdır, həmin yerdə avtomobillərin saxlanılmasının qadağan olunması barədə heç bir qadağanedici işarə möcud deyildir. İXM-nin yuxarıda qeyd olunan maddəsinin tələblərindən də göründüyü kimi barəsində tərtib olunmuş protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən həmin qərar ləğv olunmalıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İXM-də nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün onun təqsiri sübut olunmalıdır Odur ki, EQ 26011225 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini, şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Elşad İsayev eyni zamanda bildirdi ki, həmin ərazidə avtomobillərin parklanmasını qadağan edən hər hansı işarə və ya yol nişan yoxdur. Sms radar mobil tətbiqi vasitəsilə ona göndərilən fotəşəkillərdə həmin yerdə quraşdırılmış məhz hansı yol nişanının tələbini pozduğu göstərilməmişdir. Qeyd edir ki, avtomobilinin yalnız öndən, geridən və salonunun şəkilləri çəkilərək ona mobil tətbiqi vasitəsilə göndərilsə də, həmin yerdə dayanma və durmanı qadağan edən yol nişanın fotoşəkli göndərilmişdir. Bu səbəbdən mübahisələndirdiyi qərarın ləğv edilməsini məhkəmədən bir daha xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Elşad İsayev EQ 26436660 saylı, xx.xx.2025-ci il tarixli qərarla İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə olunmuşdur. Təqdim edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilərkən həmin ərazidə dayanma və durmanı qadağan edən hər hansı yol nişanının quraşdırılmadığı və ya mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş EQ 26436660 saylı, xx.xx.2025-ci il tarixli il tarixli qərardan görünür ki, Elşad İsayev xx.xx.2025-ci il tarixdə, saat 14:58-də İXM-nin 346.1-ci maddəsinin tələbini dayanma və durma qaydalarını pozmuş, bu səbəbdən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “X4” Qanunun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfindəyol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmin maddənin 6-cı bəndində nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda-yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Lakin məhkəmə araşdırması zamanı qərardan şikayət verən şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış keçirərkən qanunun yuxarıda qeyd edilən normasının hər hansı tələbinin pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Həmin fotoşəkillərə məhkəmə iclasında baxış zamanı həmin ərazidə avtomobillərə dayanma və durmanı qadan edən hər hansı yol nişanının quraşdırılmadığı və ya mövcud olmadığı, nişanlama xətlərinin olmadığı müəyyən edilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata eyni zamanda təqsirlilik sübuta yetirilmədikdə xitam verilir. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Elşad İsayev barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmş EQ 26436660 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə olunmasına dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmş EQ 26436660 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar