Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-691/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızının, Barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Materialdan görünür ki, X2 rayonu Şurabad kəndi ərazisində ov üçün ayrılmayan ərazidə açıq şəkildə ov silahı ilə gəzdiyi üçün ov qaydalarını kobud şəkildə pozmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərardan narazı qalan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Xızı rayonu, Şurabad kəndi ərazisində özünə məxsus heyvan itmişdir. xx xxxxxx 2020-ci il tarixdə sübh tezdən həmin itmiş heyvanını kənd ərazisində axtarmağa gedərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı RETSİ-nin əməkdaşları ona yaxınlaşıb üzərində ov tüfəngini gəzdirdiyi üçün silahı ondan almış və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. xx xxxxxx 2020-ci il tarixdə o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı RETSİ-nə getmiş və ovçu olduğunu, həmin silahın özünə məxsus olduğunu bildirmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə ov etməmiş və onun belə bir məqsədi olmamışdır. O, sadəcə itmiş heyvanını axtarmış və sübh tezdən vəhşi heyvanların hücum təhlükəsi olduğu üçün silah üzərində silah gəzdirmişdir. Buna baxmayaraq idarənin əməkdaşları onun bir neçə sənədi imzalamasını tələb etmişlər. İdarənin əməkdaşları ona 1000 manat cərimə olunduğunu bildirmişlər. O, idarənin əməkdaşlarına etiraz etmiş və bu barədə məhkəməyə şikayət edəcəyini bildirmişdir. Bundan sonra oradakı əməkdaşlardan bir nəfər ona yaxınlaşıb məhkəməyə şikayət etməməyi tövsiyə etmiş və bu işi yoluna qoymağın mümkü olduğunu bildirmişdir. O, həmin şəxslə razılaşmamış və idarədən çıxıb getmişdir. xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı RETSİ-nin həmin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət yazıb xx xxxxxx 2021-ci il tarixdə poçt vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Onun ov etməsi barədə heç bir sübut yoxdur və öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızı inzibati tənbeh vermə haqqında qərarın qanuna uyğun olaraq qəbul edildiyini bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi . Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X4 şikayətində göstərilənləri təsdiq edərək bildirdi ki, Ovçular Cəmiyyətinin üzvüdür, ov silahı var və onu gəzdirmək hüququna malikdir. Onu heç bir sübut olmadan saxlamışlar, ov etməmişdir. Ona görə də şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş edir. Təqdim edilmiş sənədlərdən görünür ki, X4 3-cü qrup əlildir, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür, bir lüləli 12 çaplı yivsiz ov silahı vardır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması qaydaları”nın 2.7-ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşları (bundan sonra - vətəndaşlar) qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdikləri odlu ov və ya idman silahını, silah əldə edilən andan iki həftə ərzində DİN-də qeydiyyatdan keçirməlidirlər. Mülkiyyətində və ya istifadəsində silah olan hər bir vətəndaşın onun yaşayış yeri üzrə daxili işlər orqanında şəxsi işi aparılır. Qaydaların 4.1.2-ci bəndinə görə vətəndaşlar mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında gəzdirirlər. Qaydaların 6.1.5-ci bəndinə görə vətəndaşlara özünümüdafiə zamanı, idman yarışlarının və ya təlim-məşq atəşlərinin keçirilməsi və ov edilməsi zamanı mülki silahın təyinatı üzrə istifadə edilməsinə yol verilir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə tərəfindən X3 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X3 əməlində inzibati xəta tərkibi yoxdur. X4 tərəfindən ov qaydalarının kobud şəkildə pozulması, yəni lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi, habelə digər ov qaydalarının müntəzəm pozulması iş materialları ilə təsdiq edilməmişdir. Bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvü olan X3 yaşadığı kəndin ərazisində özünə məxsus ov silahı ilə gəzməsi özü ayrılıqda Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutlan inzibati xətanın törədilməsi demək deyildir. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X4 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 115, 128-130, 134.1.3, 135.1.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilsin. X3 İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 1000 (bir min) manat cərimə olunmasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-691/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-691/2021
12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver