Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-691/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 barəsində 5-ci PB-nin sahə rəisi, polis mayoru Eldar Abdullayev tərəfindən İXMnin 206-cı maddəsi ilə MN ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən Əli Tanrıverdiyevin üzərində xx.xx.2025-ci il tarixdə 0.225 qram narkotik vasitə marixuana aşkar edilmiş, 14 mart 2025-ci il tarixli 1566 saylı rəyə əsasən narkotik vasitə istifadə etməsi faktı aşkar edilmişdir. Bu səbəbdən barəsində İXM-nin 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt ŞPİ-nin 5-ci Polis bölməsi tərəfindən Əli Tanrıverdiyev barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş 5-ci PB-nin sahə rəisi, polis mayoru Eldar Abdullayev tərtib etdiyi protokola uyğun izahat verərək, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əli Tanrıverdiyev inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2025ci il tarixdə saat 13:42 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində yerləşən “Nənəmin Təndiri” deyilən ərazidə iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək ona nədə şübhəli olduğunu bildirmişlər. Ona üzərində qanunla qadağan olunmuş hər hansı bir predmetin olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o, əynindəki gödəkcənin cibində saxladığı içərisində “nəşə” olan bükümünü təqdim etmişdir. Həmin büküm saxlanıldığı yerdə elektron tərəzidə ölçülmüş, çəkisi müəyyən edilərək qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə 5-ci PB-nə gəlmişlər. Bölmədə xidməti otaqların birində videoçəkiliş başlanmış, hüquq və vəzifələr barədə bildiriş təqdim edilmiş, hüquqlarını müdafiə edəcək vəkil təqdim edilmişdir. Daha sonra da videoçəkiİişlə üzərinə şəxsi axtarış keçirilsə də hər hansı predmet aşkar edilməmişdir. Qeyd edir ki, həmin narkotiki xx.xx.2025-ci il tarixdə səhər saatlarında 20 Yanvar dairəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəm üçün 10 manat müqabilində almışdır. Narkotik vasitədən həftədə iki dəfə olmaqla 3 il olar ki, istifadə edir. Əməlindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əli Tanrıverdiyevin müdafiəçisi Vəkil Əli Tanrıverdiyevin yaşını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 mart 2025-ci il qərara əsasən Əli Tanrıverdiyevin üzərindən şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana saxlaması faktı əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Əli Tanrıverdiyev həmin tarixdə saat 13:42-də Sumqayıt şəhəri 76cı məhəllə Çerkassi küçəsində yerləşən “Nənəmin təndiri”-nin yaxınlığında saxlanılmışdır. AR Səhiyyə Nazirliyi Respublika X6 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1905 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Əli Tanrıverdiyevdə KANNABİNOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 14 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X1 üzərindən götürülmüş 01 ədəd bükümdə olan kütlə.. yazılar və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.225 qram bitki mənşəli kütlə təkibində narkotik vasitə qurudulmuş marexuanadır. Marexunanının təmiz çəkisi 0.225 qram, tədqiqata sərf edildi 0.02 qr, qalıq 0.205 qram. Ekspertiza tədqiqatının dəyəri 63 manat təşkil etmişdir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcələnin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Bu səbəbdən Əli Tanrıverdiyev narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmin məcəllənin 77.3-cü maddəsinə əsaən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əli Tanrıverdiyev əməlindən səmimi peşman olmasını yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Əli Tanrıverdiyev İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı, inzibati qaydada tutmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 13:42-dən hesablanmalı, barəsində narkomaniyadan məcburi mülicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri 63 manat pul tutularaq Ədliyyə Nazirliyini Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X5 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası NK-nin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 13 mart 2025-ci il tarixdən, saat 13:42-dən hesablansın. Şəxs 63 (altmış üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs üzərindən aşkar olunmuş Sumayıt ŞPİ-nin Təchizat Qrupunda saxlanılan tədqiqatdan sonraq qalıq çəkisi 0,205 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-691/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-691/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver