Məhkəmə qərarları › İş №3(060)-692/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-692/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-692/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs İsgəndərov Əli Vaqif oğlunun iştirakı ilə Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26578933 saylı qərardan X3 Vaqif oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Vaqif oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, EQ 26578933 saylı, xx.xx.2025-ci il tarixli inzibati xətanın törədilməsinə görə tətbiq olunmuş cərimənin ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. İsgəndərov Əli Vaqif oğlu ərizəsini onunla əsaslandırmışdır ki, EQ 26578933 saylı, xx.xx.2025-ci il tarixli inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən ümumi istifadə olunan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12;5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə 346.2-ci maddəsinə əsasən (**-TK-***) nömrəli avtomobilinə 40 AZN 2 bal cərimə tətbiq olunmuşdur. O, bu qərarla razılaşmayaraq bildirir ki, ümumi istifadə olunan nəqliyyat vasitələrinin dayanacaq meydançasından 50 metr aralı məsafədə saxlamışdır. EQ 26578933 saylı, xx.xx.2025-ci il tarixli inzibati xətanın törədilməsinə görə tətbiq olunmuş cərimənin ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs İsgəndərov Əli Vaqif oğlu bildirdi ki, Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətinə getdikdə “Riyad” ticarət mərkəzi vardır, orada köməkçi yol vardır. Köməkçi yola girən kimi yerüstü keçid vardır, yerüstü keçidi keçdikdən sonra da avtomobil dayanacağı vardır. O, tanışını oradan götürərkən yerüstü keçidin altında saxlamışdır. Yerüstü keçidin altından ora qədər təxminən 50 metr məsafə vardır. Bir-iki saatdan sonra ona cərimə gəlmişdir ki, avtobus dayanacağına 15 metr yaxın saxlamışdır. Avtomobilində videoregistrator vardır, həmin görüntüləri çıxarmışdır. Həmin əraziyə yenidən gedərək məsafəni ölçmüş, 76 addım saymış və bu da təqribən 20 metrdən çox edir. İşıq dirəklərinin arasında da 30 metr məsafə vardır. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26578933 saylı qərara əsasən İsgəndərov Əli Vaqif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26578933 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 346.2-ci maddəsinə əsasən “Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir.” Qərardan şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdən görünür ki, şikayətçinin avtomobilini saxladığını iddia etdiyi ərazidən duracağa qədər 15 metrdən çox məsafə vardır. Lakin inzibati xətanın qeydə alındığı zaman Toyota Corolla minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həqiqətən dayanacaqdan hansı məsafədə olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, İsgəndərov Əli Vaqif oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26578933 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsgəndərov Əli Vaqif oğlunun şikayəti qismən təmin edilsin. Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26578933 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar