Məhkəmə qərarları › İş №3(060)-698/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-698/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-698/2024 29.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin nümayəndəsi, sahə rəisi Səbuhi Mansurzadənin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1999-cu ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Əyin kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 15 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə 29 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:05 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti ərazisində səs-küy saldığı üçün 4-cü Polis Bölməsinə dəvət olunsa da, polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 29 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin nümayəndəsi Səbuhi Mansurzadə izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində post patrul xidməti əməkdaşları Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində saxlayıblar. O, içkili olmuş və həmin vaxt yanında olan digər şəxslə mübahisə etmişdir. Polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət edildiyi vaxt polisə tabesizlik göstərərək polisin qanuni tələbinə tabe olmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qiyas adlı tanışı ilə gecə saatlarında 2-ci mikrorayon ərazisində olan vaxt bir qrup şəxs öz aralarında mübahisə edirdilər. Onlar təsadüfən həmin yerdən keçirdilər. Polis əməkdaşları onların mübahisə etdiklərini zənn edərək onları polis bölməsinə dəvət etmişlər. Lakin, o polis əməkdaşlarına etiraz edərək hansı səbəbdən polis bölməsinə çağırıldıqlarını soruşmuşdur. Ola bilər ki, həmin vaxt bir qədər aqressiv olmuş və səsini qaldırmışdır. Lakin, polis əməkdaşlarına fiziki olaraq heç bir tabesizlik göstərməmişdir. Həmin vaxt içkili olmuşdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X2 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsin nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi Şəxs saat xx.xx.2024-cü il tarixində, saat 03:05 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti ərazisində polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilsə də, polisin qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar