Məhkəmə qərarları › İş №3(060)-699/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-699/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-699/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X5 və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ünvanda kirayədə yaşayan (FİN: xxxxxxx) Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2 və 528.1-1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollara baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2 və 528.1-1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin protokollara baxılması ilə əlaqədar 3(060)-699/2025 nömrəli inzibati xətaya dair iş 3(060)-700/2025 nömrəli inzibati xətaya dair işlə bir icraatda birləşdirilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolu tərtib edilmişdir ona görə ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2950/2024 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-1652/2024 nömrəli icra sənədləri üzrə 1000 manat və 500 manat məbləğində inzibati cəriməni ödəməkdən qəsdən yayınmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolu tərtib edilmişdir ona görə ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-728/2023 nömrəli icra sənədi üzrə ödənilməli olan 10 800 manat məbləğində aliment borcunu ödəməkdən qəsdən yayındığı üçün barəsində qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2950/2024 nömrəli qərarından nəticə çıxarmayaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmiş və olduğu yer müəyyən edildikdə Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. xx.xx.2025-ci ildə Şəxs məhkəməyə ərizə təqdim edərək səhətində problemlər olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd edərək hal-hazırda özü könüllü məhkəmə iclasına gəldiyindən işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-728/2023 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, ümumilikdə 400 manat aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub X10 ödənilməlidir. Borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-728/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ödənilməli 10 800 manat aliment borcunu ödəməkdən qəsdən yayındığı üçün barəsində qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2950/2024 nömrəli qərarından nəticə çıxarmayaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Borclu dəfələrlə idarəyə dəvət edilmiş, lakin o, çağırışlara gəlməmişdir. Borlucunun axtarışı barədə qərar da qəbul edilmişdir. Lakin, o, heç bir ödəniş etməmiş, ödəniş etməyəcəyini bildirmiş və bu günkü tarixədək də heç bir ödəniş etməmişdir. Həmçinin, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)- 2950/2024 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-1652/2024 nömrəli icra sənədləri üzrə 1000 manat və 500 manat inzibati cəriməni ödəməkdən qəsdən yayınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)- 1652/2024 nömrəli icra sənədi üzrə borclu barəsində axtarış elan edildiyi üçün icrası dayandırılmışdır. Belə ki, borclu barəsində onun yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən axtarış elan edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, işləmədiyi üçün aliment ödənişini yerinə yetirməmişdir. Onun himayəsində 17 və 18 yaşlı iki uşaq var. Ona da uşaqların saxlanması üçün aliment ödənilmir. O, nikahın pozulması zamanı zərəçəkmiş şəxsdən aliment almayacağını bildirmişdir. Həmçinin, izahatında qeyd etmişdir ki, o, uşaqlarından imtina etməmişdir, uşaqları onun himayəsinə versinlər özü uşaqlara baxacaqdır. O, əmək haqqına alimentlə əlaqədar borc yönəldiyi üçün işləyə bilmir. Belə ki, o, bir ay “Araz” marketdə kassada işləmiş, həmin ayda da aldığı 400 manat maaşa aliment yönəldilmiş və bu səbəbdən də işdən çıxmışdır. Hazırda öz himayəsində olan uşaqlarını saxlamağa ona anasıgil kömək edir və uşaqlar anasıgildə - Bakı şəhəri Buzovna qəsəbəsindədirlər. Onun tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edildiyi gündən heç bir aliment ödənişi edilməyib. Daha sonra bildirmişdir ki, əgər zərərçəkmiş şəxsin uşaqlara baxmağa imkanı yoxdursa, uşaqları ona qaytarsın. Zərərçəkmiş şəxsin uşaqlara alimentə görə baxdığını, özünün işləmədiyini və aliment ödəməyə də pulunun olmadığını bildirmişdir. O, uşaqlara edilən sosial ödənişlə bağlı kartda yığılmış məbləğin aliment borcuna görə əvəzləşdirilməsi ilə razı olmadığını, işləmədiyini, barəsində nə qərar qəbul edilsə də aliment ödəməyəcəyini, zərərçəkmiş şəxs uşaqlara baxa bilmirsə uşaqları onun himayəsinə qaytarmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 bildirmişdir ki, Şəxs onları neçə aylardır məhkəmədə süründürür. O, neçə aylardır ki, alimenti ödəməkdən qərəzli şəkildə boyun qaçırır. Borclu aliment ödəmə qabiliyyətinə də malikdir. Lakin, alimenti ödəməkdən qəsdən boyun qaçırır. O, borclunun sürdüyü həyat tərzinin sosial şəbəkələrdə açıq-aşkar göründüyünü bildirmişdir. Həmçinin qeyd etmişdir ki, onun əmək haqqının 1/3 hissəsi Şəxs himayəsində olan uşaqların saxlanmaları üçün tutulur. Lakin, Həlimə öz aliment öhdəliyini yerinə yetirmir. Borclu icra məmurunun tələblərini yerinə yetirməmiş, polisin, məhkəmənin çağırışlarına gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, Şəxs barəsində axtarış qərarı çıxarılmasına baxmayaraq, o, üç aydır ki, çağırışlara gəlməmişdir. Əvvəllər onun barəsində cərimə növündə də inzibati tənbeh tədbirləri tətbiq edilmiş, lakin borclu həmin ödənişləri də yerinə yetirməmişdir. Borcluda olan sosial müavinətin ödənilməsi ilə bağlı açılmış kart hesabında müəyyən məbləğdə pul vəsaiti olmasına baxmayaraq borclu həmin vəsaitin alimentlə əvəzləşdirilməsinə də razılıq vermir. Onun qərəzli mövqeyi ortadadır. O, məhkəmə iclasında da alimenti ödəməyəcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X13 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs işləmədiyi üçün aliment öhdəliyini yerinə yetirmir. Onun özünün himayəsində iki uşağı var. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2950/2024 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-1652/2024 nömrəli icra sənədləri üzrə 1000 manat və 500 manat inzibati cəriməni ödəməkdən qəsdən yayınmışdır. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-728/2023 nömrəli icra sənədi üzrə ödənilməli olan 10 800 manat məbləğində aliment borcunu ödəməkdən qəsdən yayındığı üçün barəsində qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2950/2024 nömrəli qərarından nəticə çıxarmayaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-728/2023 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, ümumilikdə 400 manat aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutularaq X10 ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-728/2023 nömrəli icra sənədində göstərilən tələbin icra edilməsi barədə xəbərdar edilmiş və həmin tarixdə də xəbərdarlıq məktubu borcluya təqdim edilmişdir. Borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-1652/2024 nömrəli icra sənədinə əsasən Şəxs 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2950/2024 nömrəli icra sənədinə əsasən Şəxs 1000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-ü il tarixli 2(060)-1652/2024 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2950/2024 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-1652/2024 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2950/2024 nömrəli icra sənədləri üzrə təyin edilmiş cərimələri ödənilməmişdir. Belə ki, borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1652/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin, bundan sonra da Şəxs qeyd edilən icra sənədləri üzrə borclarını ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, təkrarən Sumqayıt Şəhər Məhkəməsinin, xx.xx.2024-cü il tarixli, 3(060)-2950/2024 nömrəli qərarı ilə 1000 manat məbləğində inzibati cərimə edilmiş, lakin qeyd edilən icra sənədləri üzrə qərarların qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində borclu tərəfindən icra edilməmişdir. Həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-728/2023 nömrəli icra sənədinə əsasən aliment öhdəliyini yerinə yetirməmiş və 10800 manat məbləğində aliment borcu yaranmışdır. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu əcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinməli, İXM-in 34.3-cü maddəsinə əsasən daha ağır sanksiyası olan həmin Məcəllənin 529.2-ci maddəsi ilə barəsində həbs tənbeh tətbiq edilməlidir. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2950/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3(060)-1652/2024 nömrəli icra sənədləri üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhz bu prinsipdən çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İXM-in 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə qərarın icrasına xitam verir. Eyni zamanda məhkəmə, hesab edir ki, vəkil X13 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 04 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2 və 528.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2950/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3(060)-1652/2024 nömrəli icra sənədləri üzrə icraata xitam verilsin. Qərar dərhal icra edilsin. Vəkil X13 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar