Məhkəmə qərarları › İş №3(060)-7/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-7/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-7/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs oğlunun (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs oğlunun (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqinda protokoldakı və işdə olan digər sənədlərdəki məlumatlardan görünür ki, Azərbaycan Respublikası ərazisində daimi yaşayan, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan və İmişli şəhəri, Sabir küçəsi, ev 18-də yaşayan Azərbaycan Respublikası vətəndaşı Şəxs oğlu (VÖEN **********) Türkiyə Respublikasinda qeydiyyatda olan “Rakun Kürk” şirkəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 001 saylı müqavilə əsasında ümumi dəyəri 36300.00 (otuz altı min üç yüz) ABŞ dolları olan “İribuynuzlu mal-qaranın bütöv gönlərindən hazırlanan dəri” yükünü xx.xx.2018-ci il tarixdə, **********0282 sorğu nömrəli Gömrük bəyannaməsi əsasında Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirərək konsiqnasiya yolu ilə ixrac etmiş, həmin malların müqabilində 36300 (otuz altı min üç yüz) ABŞ dolları, təxminən 61710,00 (altmış bir min yeddi yüz on) manat dəyərində vəsait Azərbaycan Respublikasına geri qaytarılmamış, həmin vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında (“xxxx” ASC-nin Binəqədi Filialı) olan hesabına köçürülməsi təmin edilməmişdir. Məhkəmə iclasında Şəxs oğlu bildirdi ki, Türkiyə Respublikasına Türkiyə Respublikasinda qeydiyyatda olan “Rakun Kürk” şirkəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 001 saylı müqavilə əsasında ümumi dəyəri 36300.00 (otuz altı min üç yüz) ABŞ dolları olan “İribuynuzlu mal-qaranın bütöv gönlərindən hazırlanan dəri” yükünü xx.xx.2018-ci il tarixdə, **********0282 sorğu nömrəli Gömrük bəyannaməsi əsasında Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirərək konsiqnasiya yolu ilə ixrac etmişdir. Ancaq alıcı malların xarab (yararsız) olduğu üçün müqavilə öhdəliklərini yerinə yetirməmiş, malın pulunu onun bank hesabına köçürməmişdir. Türkiyə Respublikasinda məhkəməyə müraciət etmək üçün maddi imkanı olmamışdır. Ona görə də, hesab edir ki, baş verənlərdə onun günahı yoxdur və bu iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə həmin maddənin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, Şəxs oğlu tərəfindən “İribuynuzlu mal-qaranın bütöv gönlərindən hazırlanan dəri” yükü Azərbaycan Respublikasından ixrac olunmuşdur. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2018-ci il tarixdə, **********0282 sorğu nömrəli Gömrük bəyənnaməsi ilə “İxrac” gömrük prosedurunda rəsmiləşdirilmiş “İribuynuzlu mal-qaranın bütöv gönlərindən hazırlanan dəri” yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sınıq Körpü” (Qırmızı Körpü) gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış, lakin həmin yükün müqabilində fiziki şəxsin müvəkkil bankdakı hesabına (AR Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı) məcburi köçürülməli olan ümumilikdə 36300 (otuz altı min üç yüz) ABŞ dolları vəsaiti xaricdən qaytarılmamışdır. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən yərtib edilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Şəxs oğlunun **********0282 sorğu nömrəli Gömrük bəyənnaməsi ilə ixrac etdiyi malların müqabilində geri qaytarılmayan 36300 (otuz altı min üç yüz) ABŞ dollarının 61710,00 (altmış bir min yeddi yüz on) manat təşkil etdiyi müəyyən olunmuşdur. 1 ABŞ dolları 1,7 manat kimi hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Baxılan işdə xaricdən qaytarılmamış valyuta vəsatinin məbləği 20.000 manatdan çox olduğu üçün işə baxılmasında, qanuni və əsaslı qərar qəbul edilməsində problemlər yaranmış, iş üzrə mübahisəli halların araşdırılması, işə baxılmasında, qanuni və əsaslı qərar qəbul edilməsində yaranan ziddiyyətli məsələlərə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinə və Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən qanunun şərhi ilə bağlı müraciət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumu bu iş üzrə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərara əsasən xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun qərarındkı hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə həmin maddənin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilməlidir. Buna görə də, inzibati tənbeh tətbiq edilərkən məhkəmə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərini 36300 (otuz altı min üç yüz) ABŞ dolları məbləğində deyil, 11764,70 (on bir min yeddi yüz altmış dörd dollar yetmiş sent) ABŞ dolları kimi qəbul edir. İşdə olan arayışdan göründüyü kimi 1 ABŞ dolları 1 manat 70 qəpikdir. Bu məzənnə ilə hesabladıqda 20000 (iyirmi min) manat 11764,70 (on bir min yeddi yüz altmış dörd dollar yetmiş sent) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 11764,70 (on bir min yeddi yüz altmış dörd dollar yetmiş sent) ABŞ dolları valyuta vəsaiti məbləğinə münasibətdə tənbeh edilməlidir. Şəxs oğlunun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs oğlunun şəxsiyyətini, inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan və İmişli şəhəri, Sabir küçəsi, ev 18-də yaşayan Şəxs oğlu (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 11764,70 (on bir min yeddi yüz altmış dörd dollar yetmiş sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin qırx faizi məbləğində, yəni 4705,88 (dörd min yeddi yüz beş dollar səksən səkkiz sent) ABŞ dolları (11764,70 x40%) məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar