Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-7/2025 06.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından barəsində inzibati qərar çıxarılan şəxs X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər DYPİ-nin TP6882787 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarın ləğv edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə qohumu X5 tanımadığı ********** nömrəsindən zəng edilərək guya **-FZ-*** dövlət nömrə nişanlı avtomobillə hansısa qayda pozuntusu törətdiyi və onu yol polis idarəsinə çağıraraq söhbət etmək istədiyini bildirmişdir. O, getməkdən imtina etmiş və bildirmişdir ki, etdiyi zəng qanunsuzdur. Çünki qayda pozuntusu elektron nəzarət vasitəsilə aşkar olunursa, bu 24 saat ərzində elektron qaydada və ya poçtla göndərilməli idi. Bunu bildirdikdən sonra “görərsən” deyib zəngi sonlandırmışdır. Bundan sonra 21 gün əvvələ xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi ilə F.Bayramov küçəsinin kəsişməsində İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair onun barəsində protokol yazılmışdır. Guya o, İXM-nin 327.4-cü maddəsinin tələblərini pozmuşdur. Bundan sonra 12 dekabr 2024-cü il tarixdə onu polis əməkdaşı saxlayarkən həmin sözügedən protokol əsasında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərar qəbul edildiyini bildirmiş və o, qərarı həmin yol polisi əməkdaşından almışdır. O, heç bir qayda pozuntusu törətməmişdir. **-FZ-*** dövlət nömrə nişanlı avtomobilin sonuncu etibarnaməsi ona verilmişdir. Lakin, buna baxmayaraq qeyd edilən hallar yoxlanılmadan barəsində cərimə tətbiq edilməsinə dair qərar yazılmışdır. Məhkəmə iclasında şikayət verən şəxs X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə HONDA İNSİGHT minik markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomobil onun tərəfindən idarə edilməmişdir. Onun barəsində Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi ilə F.Bayramov küçəsinin kəsişməsində İXM-nin 327.4-cü maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulması barədə qanunsuz olaraq protokol yazılmışdır. Video görüntülərə baxılsa avtomobilin onun tərəfindən idarə edilmədiyini görmək mümkün olardı. DYPİ-nin əməkdaşı onunla telefon vasitəsilə əlaqə saxladığı zaman o, nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilmədiyini bildirmişdir. Şikayət verən şəxs X4 şikayətdə göstərdiyi xüsusatları təsdiq edərək onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında qərar qəbul etmiş şəxs Bakı şəhər DYPİ-nin polis mayoru X6 məhkəmə iclasına gəlməmiş, Bakı şəhər DYPİ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X11 İdarəsinin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə elektron qaydada məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 22 oktyabr 2024-cü il tarixində saat 07:54radələrində idarə etdiyi HONDA İNSİGHT minik markalı **-FZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsində 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat axınına qarşı hərəkət edərək kobud yol hərəkəti qaydası pozuntusunu qəsdən törətmişdir. Bu faktı aşkar etmiş DYPİ-nin əməkdaşı aidiyyəti üzrə baxılması üçün göndərmişdir. İşi araşdıran vəzifəli şəxs polis mayoru Aslan Rəhimov qanunla müəyyən edilmiş tədbirləri görərək qanuni və əsaslı olaraq X2 inzibati məsuliyyətə cəlb etmişdir. Həmçinin, etiraz ərizəsində xx.xx.2024cü il tarixli TP6882787 nömrəli qərarın qüvvədə saxlanılması qeyd edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı şəhəri X11 İdarəsinə göndərilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə saat 07:54 radələrində HONDA İNSİGHT minik markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomobilin onun tərəfindən idarə edilmədiyini bildirmişdir. İnzibati xəta hadisəsi onun tərəfindən törədilmədiyi halda onun inzibati icraatda iştirakı təmin edilmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi F.Bayramov küçəsinin kəsişməsində 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat axınına qarşı hərəkət etməmiş, nəqliyyat vasitəsi onun tərəfindən idarə edilməmiş və buna görə də o, qeyd edilən inzibati xətanı törətməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, qeyd edir ki, qərardan şikayət vermiş şəxs X4 tərəfindən inzibati xətanın törədilibtörədilməməsi, xx.xx.2024-cü il tarixdə saat 07:54 radələrində HONDA İNSİGHT minik markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomobilin kim tərəfindən idarə edilməsini, avtomobili idarə edən şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın üzərinə qoyulsa da, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X1 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP6882787 nömrəli inzibati tənbeh vermə haqqında qərar sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri X11 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti qismən təmin edilsin. X1 barəsində Bakı Şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı şəhəri X11 İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-7/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-7/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver