Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-700/2024 29.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1977-ci ildə Şamaxı ray., Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Kənan Məhərrəmov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3190/2022 saylı, xx.xx.2022-ci il icra sənədinə əsasən borclu Şəxs tələbkar X2 2751 manat məbləğində borclu olduğu vəsaiti ödəməli olsa da borclu üzrsüz səbəbdən borcunu bağlamamış, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Kənan Məhərrəmov izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən tələbkar Afaq Kərimova ilə borclu Şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, borclu Şəxs xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Afaq Kərimovanın mülkiyyətində olan “Hyundai Sonata" markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə onun tərəfindən vurulmuş zərərin əvəzi olaraq 2751,47 (iki min yeddi yüz əlli bir manat,47 qəpik) manat məbləğində ziyanı qəbul etmiş, həmin məbləği aylıq 500,0 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Afaq Kərimova 2751,47 manat məbləğində maddi ziyanı Şəxs tərəfindən aylıq 500,0 manat olmaqla hissə-hissə ödəməsini qəbul etmişdir. Qeyd edir ki, 15 dekabr 2022-ci il tarixdə qərarın könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun qeydiyyatda olduğu ünvana göndərilsə də, borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığı məlum olmuş, bu səbəbdən xx.xx.2023cü il tarixdə borclu barəsində axtarış elan edilmiş, 28 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən borclunun yeri müəyyən edilərək icra idarəsində iştirakı təmin edilmişdir. Bildirir ki, icraatında Şəxs barəsində aliment tələbi ilə bağlı icra sənədi də vardır, lakin borclu barəsində İdarənin icraatında olan həmin icra sənədləri bir icraatda birləşdirilməmişdir. Bildir ki, borclu hazırda "xxxx" MMC-də sürücü vəzifəsində çalışır, aylıq 500 manat əmək haqqı alır və 2024-cü ilin yanvar, fevral aylarında müvafiq olaraq əmək haqqısının 70%-i təxminən 250 və 270 manat məbləğində hissəsi tutularaq aliment tələbinə dair icra sənədi üzrə tələbkarın xeyrinə ödənişləri aparılır. Afaq Kərimovanın tələbkar qismində keçdiyi icra sənədi üzrə də əmək haqqına yönəltmə edilsə də, indiyədək heç bir ödəniş aparılmamışdır. Aliment tələbi ilə bağlı icra sənədi üzrə borclu Şəxs təxminən bundan 8, 9 ay öncə İcra İdarəsinə gəlməsinə baxmayaraq, Afaq Kərimovanın tələbkar qisində keçdiyi icra işi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş həmin vaxt borcluya təqdim edilməmişdir. Qeyd edir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 3190/2022 saylı, xx.xx.2022-ci il icra sənədi əsasında icraat başlanılmış və icraata başlamaq haqqında qərar və tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş 28 mart 2024-cü il tarixdə şəxsən borcluya təqdim edilmiş, lakin işlərin çoxluğu ilə əlaqədar könüllü icra barədə bildirişin məhz həmin tarixdə borclu tərəfindən qəbul edilməsi barədə müvafiq qeydin etdirilməsini apara bilməmiş, bu günki tarixdə barəsində protokol tərtib etmişdir. Bildirir ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, hazırda qeydiyyatda olduğu ünvanda yaşayır. Xəzər Rayon Məhkəməsinin müvafiq icra sənədindən dünən məlumatı olmuşdur. Hazırda "xxxx" MMC-də sürücü vəzifəsində çalışır, aylıq 500 manat əmək haqqı alır. Barəsində olan digər icra sənədi üzrə hər ay əmək haqqından 270 manat pul tutulur. Qeyd olunan icra sənədi üzrə hazırda 100 manat, hər növbəti ay isə 50 manat ödəniş edə bilər. Qeyd olunanların nəzərə alınmasını və icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında mövcud olan və məhkəmə icclasında tədqiq edilən sənədlərdən görünür ki: Xəzər Rayon Məhkəməsinin 2(003)-3190/2022 saylı, xx.xx.2022-ci il icra sənədi əsasında qəbul edilmiş icraata başlamaq haqqında qərardan və könüllü icra barədə bildirişdən görünür ki, tələbin icra edilməsi üçün borcluya 10 gün könüllü icra müddəti verilmişdir. “Borclunun axtarılması barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra məmuru borclunun icra sənədində qeyd olunan ünvanda yaşamadığını əsas gətirərək barəsində axtarış elan edilməsi üçün həmin qərarı icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərmişdir. Elekron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də sürücü vəzifəsində çalışır, aylıq 500 manat əmək haqqı alır. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixdə aliment tələbinə dair icra sənədi üzrə 2751.47 manat borc Şəxs əmək haqqına yönəldilməsi üçün "xxxx" MMC-ə müvafiq sorğu göndərilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, borclu Şəxs barəsində İcra İdarəsində aparılan icraatdan xəbəri olmamış, yaşayış yeri məlum olduğu halda ona adı çəkilən icra sənədi əsasında başlanılmış icraat barədə, yəni tələbin könüllü icrası barədə bildiriş və qərar tədqim edilməmiş, Afaq Kərimovaya borcu ilə bağlı tələbin əmək haqqına yönədilməsindən məlumatlı olmamış, yalnız və yalnız polis əməkdaşı tərəfindən axtarışda olması barədə məlumat verildikdən sonra İcra İdarəsinə protokol tərtib edilməzdən bir gün öncə yaxınlaşmışdır. Məhkəmə hesab edir ki, belə olan halda inzibati xəta hadisəsi baş verməmişdir və Ələgər Rzayev barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta hadisəsinin baş vermə faktının müəyyən edilməsi xüsusi önəm daşıyır və bu halın müəyyən olunması çox zəruridir. Yəni inzibati xəta hadisəsi ümumiyyətlə baş vermişdir ya yox. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Lakin iş materiallarından görünür ki, icra məmuru icraata başlamaq haqqında qərarı və tələbin 10 gün müddətinə könüllü icrası barədə bildirişi borcluya 28 mart 2024-cü il tarixdə təqdim etmiş, lakin bu barədə bildirişin kötüyündə müvafiq qeydin borclu tərəfindən aparılmasını iş yükünün çoxluğu ilə əlaqədar təmin edə bilməmişdir. Buna baxmayaraq həm icra məmuru, həm də borclu icraata başlamaq haqqında qərarı və tələbin 10 gün müddətində könüllü icrası barədə bildirişin borcluya xx.xx.2024-cü il tarixdə təqdim edildiyini təsdiq etmişlər. Belə olan halda icra məmuru “İcra haqqında” Qanunun tələblərinə riayət etmədən, tələbin 10 gün müddətində könüllü icrası üçün müddət müəyyən etməsinə baxmayaraq həmin müddətin ötməsini gözləmədən əsassız və qanunsuz olaraq İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib etmiş, baxılması üçün məhkəməyə təqdim etmişdir. Avropa İnsan Hüquqları məhkəməsinin “Cəfərzadə Azərbaycana Qarşı” işi üzrə xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, yerli məhkəmələr işin mahiyyətinə baxmazdan əvvəl bildirişin verilməsində olan hər hansı çatışmazlığı müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir Yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, icra məmuru qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməlidir və yalnız bu müddətlər ötdükdən sonra borclu barəsində qanunamüvafiq icra tədbirlərinin həyata keçirilməsinə başlaya bilər və bu tədbirlər borcun ödənilməsi üçün kifayət etmədikdə qanunamüvafiq olaraq daha sərt inzibati tədbirlər həyata keçirə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Kənan Məhərrəmovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, və ya protokolda əlavə etməmiş, o cümlədən “İcra haqqında” qanunun tələblərinə riayət etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. İXM-nin 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, indiki halda Şəxs o halda inzibati məsuliyyətə cəlb edilə bilərdi ki, qanunla müəyyən edilmiş tələbin 10 gün müddətinə könüllü icrası üçün müddət keçmiş olardı və bundan sonra borclu borc tələbini üzrsüz səbəbdən icra etməməklə inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli qəsdən etmiş olardı. Lakin indiki halda borcluya bildirişin vaxtında verilməsi öz təsdiqini tapmamış, bildirişin inzibati xəta haqında prtokolun tərtib edilməsindən 1 gün öncə verildiyi müəyyən edilmiş, nəticədə tələbin 10 gün müddətində könüllü icrası üçün müddət keçməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Rzayev barəsində İXM-nin 528.1-ci maddəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəninin baş verməməsi əsası ilə xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin baş verməməsi əsası ilə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-700/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-700/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver