Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-701/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 müdafiəçisi və nümayəndəsi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin 16 fevral 2025-ci il tarixli, EQ 26137168 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən barəsində inzibati tənbehin tətbiqi barədə tərtib edilmiş 16 fevral 2025-ci il tarixli, EQ 26137168 saylı qərarı ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26137168 №-li Qərar əsassız və qanunsuz qəbul edildiyi üçün fikrincə hörmətli məhkəmə tərəfindən ləğv edilməlidir, belə ki, Sumqayıt DYPİ-dən sorğuya əsasən əldə etdiyi qeyd edilən qərara da əlavə edilmiş foto şəkillərdən də görünür ki, «Taksi duracağı» nişanı ilə onun idarə etdiyi avtomaşını saxladığı məsafə 30 metrdən artıqdır. Fotoşəkildə «Taksi duracağı» nişanına baxarkən ağ rəngli başqa bir avtomaşının damı görünür, onun avtomaşınının fotoşəkili çəkilərkən avtomaşınının sağ tərəfində qırmızı löhvəli obyekt görünür, həmin yerdən «Taksi duracağı» nişanına qədər 30 metrdən artıq məsafə var. Cərimə tətbiq olunması üçün fotoşəkili çəkən şəxs məsafəni itirmək üçün «Taksi duracağı» nişanı şəkilini çəkmiş, sonra isə avtomaşının şəkilini çəkməklə cərimə olunması üçün əsas yaratmağa çalışmışdır. «X5» Azərbaycan Respublikası Qanunun 52ci maddəsində Dayanma və Durma qaydaları izah edilmişdir, İnzibati Xətalə Məcəlləsinin əksinə qeyd edilən Qanunda «Taksi duracağı» nişanı altında (5.14 nişanı) nişanlanmış ərazəidə avtomaşınların saxlanılması qadağan edilməmişdir, həmin Qanunun 52-ci maddəsində avtobus və tramvay dayanacağı nişanınından (5.12 və 5.13 nişanı) 15 metr məsafədə dayanma və durma qadağan edilmişdir. Belə olan halda, hesab edir ki, qanunverici orqan «Taksi duracağı» nişanının təsirini, növbəti yol ayrıcı km-lə uzanarsa həmin yol ayrıcına kimi deyil 15 metrlik məsafə üçün nəzərdə tutmuşdur. Ona görə də «Taksi duracağı» nişanından 30 metr aralıda avtomaşınını saxlaması şərimə edilməsi üçün əsas ola bilməz. Hesab edir ki, qeyd edilən halda inzibati xəta hadisəsi olmadığından məhkəmə inzibati xəta haqqında icraata xitam verməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X1 müdafiəçisi və nümayəndəsi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 şikayətin mahiyyətinə uyğun çıxış edərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26137168 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26137168 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 həmin tarixdə “Tesla” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 346.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 40 AZN cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, ** FJ *** d.q.n-lı avtomobilin, həmin avtomobildə sürücünün olmaması əks etdirən və 5.14 yol nişanın fotoşəkili elektron qərara əlavə edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Tesla” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin durması zamanı qeydə alınmış inzibati xətalara görə şikayətçi X3 təqsirli bilinərək inzibati qaydada cərimə edilsə də, onun təqsirli olması sübuta yetirilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, sözügedən inzibati məsuliyyətə səbəb olan nəqliyyat vasitəsinin 5.14 yol nişanın əhatə dairəsində durması faktı öz təsdiqini tapmır. Belə ki, YPX əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin, nəqliyyat vasitəsində sürücünün olmaması, 5.14 nömrəli yol nişanının fotoşəkilləri çəkilərək mövcud elektron qərara əlavə edilsə də, nəqliyyat vasitəsinin yol nişanın təsir dairəsində durmasını əks etdirən əlavə fotoşəkillər çəkilərək elektron qərara əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26137168 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26137168 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26137168 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-701/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-701/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver