Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-702/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1982-ci il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 18 mart 2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-6182/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və 2860 manat aliment borcu yığılmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-6182/2020 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2005-ci il təvəllüdlü X14 oğlunun və xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə 13 yanvar 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və 13 yanvar 2021-ci ildə tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya xx.xx.2021-ci il tarixdə rəsmi qaydada verilmişdir. Hazırda uşaqlardan ikisi yetkinlik yaşına çatdığı üçün alimentin hesablanması dayandırılmış, lakin bir uşağa görə 100 manat aliment tutulur. Borclu hər ay 180 manat ödəniş edir. Bundan 100 manatı aylıq aliment borcuna, 80 manatı isə yığılmış aliment borcuna hesablanır. Beləliklə əvvəldən yığılmış alimnet borcu üzrə hər ay 80 manat ödəniş edilir. Tələbkar isə şikayət edərək borcun tam ödənilməsini tələb etmişdir. Borclunun əmlak və gəlirləri müəyyən edilməmişdir. Həmçinin borclu işləmədiyini qeyd edərək əlavə ödəniş edə bilməyəcəyini göstərmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o alimenti ödəməkdən yayınmır, işləmədiyi və maddi imkanı yaxşı olmadığı üçün keçmiş borclarını tam ödəyə bilmir. O, indiyə kimi hər ay 100 manat aliment borcunu, 80 manat isə keçmiş borcundan ödəmişdir. Hazırda 200 manat ödəniş edə bilər. Növbəti aylardan isə hər ay 220 manat ödəniş edə bilər. Yəni, 100 manat aylıq aliment borcu, 120 manat isə yığılmış aliment borcu üzrə. O, tələbkarın qeyd etdiyi kimi hər ay 250 manat ödəniş edə bilməyəcək. Göstərilən halların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirmişdir ki, borclu yalan vədlər verərək aliment borcunu ödəməkdən yayınır. Dəfələrlə borcluya təklif etmiş ki, ödənişləri tam etsin. Bir müddət sonra ayda 300 manat ödəniş etməsini, daha sonra isə heç olmasa 250 manat ödəniş etməsini təklif etmişdir. Lakin, borclu o qaydada ödəniş etməyəcəyini bildirmiş və hətta qeyd etmişdir ki, işləmir, ona heç nə etməyəcəklər. Ona görə də hazırda borcun tam ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq aliment borcnun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 izahatında borcu tam tələb etdiyini bildirsə də, çıxışında ayda 250 manat ödənişlə bağlı aralarında razılıq əldə edilməsinin mümkün olmasını bildirmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bundan sonra da aylıq 250 manat ödəniş edə bilməyəcəyini qeyd etmiş, bu səbəbdən tərəflər arasında razılaşma mümkün olmamışdır. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmır. İcra sənədinin tam icra edilməməsi onun maddi vəziyyəti ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, şəxs hər ay ödənişlər də edir. Göstərilən halların nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-6182/2020 saylı icra sənədindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2005-ci il təvəllüdlü X14 oğlunun və xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6182/2020 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 6182/2020 saylı icra sənədini 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Bildirişin üzərində olan qeydlərdən görünür ki, borclu xx.xx.2021-ci il tarixdə bildirişi rəsmi qaydada qəbul etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6182/2020 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2005-ci il təvəllüdlü X14 oğlunun və xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada xx.xx.2021-ci il tarixdə verilmişdir. Hazırda iki uşaqlardan ikisi yetkinlik yaşına çatdığı üçün onlara münasibətdə alimentin hesablanması dayandırılmış, bir uşağa münasibətdə isə ödənişlər davam etdirilir. Borclu tərəfindən əvvələr aliment ödənişləri tam yerinə yetirilmədiyi üçün hazırda onun 2860 amant aliment borcu yaranmışdır. Borclu işləmədiyini qeyd edərək həmin borcu tam ödəyə bilmədiyini, aylıq 100 manat aliment borcunu, yığılmış borcundan hər ay 120 manat, ümumilikdə hər ay 220 manat ödəniş edə biləcəyini bildirmişdir. Tələbkar isə bu məbləğlə razı olmadığını qeyd edərək şikayətçi olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs hazırda aylıq aliment borcunu ödəməsi, onu əvvəldən yığılmış aliment borcunu ödəməməsinə görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən Şəxs hazırda aylıq liment borcunu hər ay ödəməsini, keçmiş aliment borclarına görə isə qismən ödənişlər etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 18 mart 2025-ci il tarixdən saat 11:55-dən hesablanmalıdır. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehi tətbiq edilməsini ona görə məqsədə müvafiq hesab etmir, inzibati məsuliyyətin yaranmasına səbəb olmuş icra sənədi pul ödənişinin (aliment borcunun) ödənilməsi ilə bağlıdır və ona cərimə tətbiq edilməsi icra sənədinin icrasını daha da çətinləşdirə bilər. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 18 mart 2025-ci il tarixdən saat 11:55dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-702/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-702/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver