Məhkəmə qərarları › İş №3(060)-703/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-703/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-703/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə inzibati xəta haqqında 09.02.2021-ci il tarixli, AP seriyalı ******* N-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs 09.02.2021-ci il tarixdə saat 02:30 radələrində 17-ci mikrorayon daxilində hərəkət dən zaman işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış, həkim yoxlamasından keçən zamanı məlum olmuşdur ki, sürücü spirtli içki içib sərxoş halda avtomaşını idarə etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin X6 Şöbəsinin inspektoru polis serjantı X1 məhkəmə iclasının vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 17-ci mikrorayon ərazisində yerləşən 4 saylı orta məktəbdə gözətçi vəzifəsində işləyir. 09.02.2021-ci il tarixdə işdə olarkən o, qızınmaq üçün məktəbin qabağında saxladığı avtomobilinə əyləşib mühərriki işə salmışdır. Bu zaman Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin əməkdaşları ona yaxımlaşmış, avtomobilin sənədlərini və onun sürücülük vəsiqəsini tələb etmişdir. Daha sonra isə onun içkili olmasını iddia edərək onu tibbi müayinədən keçirmək üçün Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmış, dispanserin qapısı bağlı olmuş və orada həkim olmamışdır. Bundan sonra o, işlədiyi məktəbə qayıtmışdır. Səhəri gün Sumqayıt şəhər DYPŞ-nə çağırılmış, o, gecə içkili olmadığını və tibbi müayinədən keçirilmədiyini bildirsə də, buna məhəl qoymayaraq ona Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. İçkili olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Sumqayıt şəhər Narkoloji Dispanserinin həkimi X2 bildirdi ki, Şəxs müayinə olunması üçün gətirilmiş, yoxlanış zamanı onda 0,32 promil alkoqol sərxoşluğu aşkar edilmiş və 700 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt tərtib edilmişdir. İş materillarından olan 09.02.2021-ci il tarixli, 700 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs saat 02:20-də müayinə vaxtı 0,32 % promil alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəlləsinin 69.2-ci maddəsinə əsasən xüsusi şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə materiallardan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinin pozulması barədə DYPŞ-si əməkdaşları tərəfindən inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə ki, o, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilsə də, akt tərtib olunarkən Azərbaycan Respublikasının İXMnin 69.2-ci maddəsinin tələbləri pozularaq vətəndaşın içkili olub-olmamasının tibbi müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib olunarkən Azərbaycan Respublikasının İXM-nin 100.1.7-ci, 100.2ci və 100.4-cü maddələrinin tələbləri də pozularaq onun izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, protokolla tanış olunmamış və protokol onun tərəfindən imzalanmamışdır. Bununla da, 09.02.2021-ci il tarixli, AP seriyalı ******* N-li protokol tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsi ilə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və 333.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, həmin məcəllənin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar