Məhkəmə qərarları › İş №3(060)-703/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-703/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-703/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş orqanın nümayəndəsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-də satış nümayəndəsi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, "xxxx" MTK yerləşən mənzildə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(060)-29/2025 saylı icra sənədi tələbi üzrsüz səbəbdən icra etməkdən yayınır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tətib etmiş orqanın nümayəndəsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(060)-29/2025 saylı icra sənədinə əsasən 2(060)-1887/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanunu qüvvəyə minənədək Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək xx.xx.2019-cu il təvəllüdlü X6 ilə Şəxs iştirakı olmadan ünsiyyətdə olmaq vaxtı müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq, uşağın yaşayış yeri üzrə hər həftənin bazar günü saat 15:00-da cavabdeh Şəxs tərəfindən ərizəçi Zərərçəkmiş şəxs təhvil verilməli, həmin gün saat 18:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Şəxs təhvil verilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2025-ci il tarixdə borcluya təqdim edilmişdir. Həmin vaxtdan indiyə kimi Şəxs icra sənədi üzrə tələbi icra etməkdən qərəzli olaraq yayınır. Belə ki, Şəxs məhkəmənin qərardadından şikayət verdiyini qeyd edərək tələbi icra etməmişdir. Lakin, nəzərə almaq lazımdır ki, müvəqqəti təminat tədbiri barədə qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Şəxs gah şikayət verdiyini, gah da uşağın atası ilə görüşmək istəmədiyini qeyd edərək bu günə kimi uşağı icra idarəsinə gətirməkdən də yayınmışdır. Nəzərə almaq lazımdır ki, uşağa kənar təsirlər də ola bilər, uşaq icra idarəsinə gətirilməli, atası ilə görüşmək istəməsə psixoloqla uşağın görüşünə şərait yaradılmalıdır. Lakin, Şəxs bu günə kimi uşağı icra idarəsinə gətirməkdən də imtina etmişdir. Göründüyü kimi Şəxs icra sənədini qərəzli olaraq icra etmir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, o məhkəmə qərarının icrasından yayınmır. İcra sənədi barədə o rəsmi qayadada məlumat verildikdən sonra qərardaddan şikayət verdiyini bildirmişdir. Çünki, uşağın atası əvvəllər narkoloji dispanserdə qeydiyyatda olmuşdur. Uşağı atasına tək verməklə bağlı əsaslı narahatlıqları olmuşdur. Lakin, hazırda uşağı atası ilə görüşdürməkdən imtina etmir. Növbəti bazar günləri məhkəmə qərarında göstərildiyi kimi atasına verməyə hazırdır. Bundan əlavə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilmiş sullara cavab olaraq bildirmişdir ki, tələbkar bir neçə ilə öncə narkotik asılılığından əziyət çəkdiyi üçün qeydiyyatda olmuşdur. Bundan sonra bir neçə ilə uşaqla bir yerdə yaşamışdır. Bu müddət ərzində atası uşağa hər hansı ziyan yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, o məhkəmə qərarını icra etməkdən imtina etmir. Keçən məhkəmə prosesindən sonra uşaq xəstələndiyi və xəstəxanaya düşdüyü üçün uşağı təkbaşına atasına verməmişdir. Belə ki, uşağın temperatoru olduğu üçün tələbkarın təkbaşına uşaqla ünsiyyətinə və uşağın onunla getməsinə razılıq verməmişdir. Lakin, tələbkar qapılarına gəldikdə içəri keçib uşaqla görüşməsinə razı olduğunu bildirmişdir. Tələbkar özü bundan imtina etmişdir, həmçinin uşaq da atası ilə görüşmək istəmədiyini bildirmişdir. Bütün bu baş verənlərin video görüntüləri mövcuddur, həmin video görüntüləri disk şəklində məhkəməyə təqdim edir. 01 aprel 2025-ci il tarixdə uşaq artıq sağaldığı üçün bağçaya getmişdir. Lakin, həmin tarix məhkəmə qərarı ilə ünsiyyət vaxtı olmadığı üçün uşağı atasına verməmişdir. Hazırda məhkəmə qərarında göstərilən vaxtda və qaydada uşağı atasına verməyə hazırdır. Lakin, uşaq özü getməsə yenə video görüntülərini çəkərək sübut kimi təqdim edəcək. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Belə ki, dəfələrlə ona bildirmişdir ki, uşağı göstərməyəcək. 2024-cü ilin sonuna kimi uşaqla ünsiyyətində hər hansı problem olmamışdır. Bundan sonra Şəxs ilə münasibətləri pozulduğu uşağı ona göstərməmişdir. Buna görə də məcbur qalıb uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin, borclu məhkəmə qərarını qərəzli olaraq icra etmir və bu günə kimi uşağı ona vermir. Borclu özü uşağı öyrədir ki, onunla görüşməsin. Uşaq üç ay bundan əvvələ kimi daim onunla görüşmüş və mehriban olmuşdur. Keçən məhkəmə prosesində borclu uşağı ona göstərəcəyinə söz versə də vədinə əməl etmədi. Uşağı görmək üçün borclunun evinə getsə də, uşağı çıxarmaqdan imtina etmiş və ona bildirmişdir ki, evdə uşağı görə bilər. Borclu onun barəsində əsassız şikayətlərlə hüquq mühafizə orqanlarına müraciət edərək ona təcavüz etdiyini bildirmişdir. Ona görə də onların evinə daxil olmağa ehtiyat etmişdir. Uşağın xəstə olduğunu desələr də, uşaq iki gün əvvəl, yəni 01 aprel 2025-ci ildə bağçaya getmişdir. Həmin vaxt uzaqdan uşağını görmüş, yaxınlaşmaq istəsə də uşağın nənəsi buna imkan verməmişdir. Bağça müdiri isə onun uşağı kiminləsə görüşdürmək səlahiyyətinin olmamasını bildirmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə qərarının icra edilməsi üçün ciddi tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından yayınmır. Sadəcə uşaq iki həftəyə yaxın müddətdit ki, xəstə olmuş, ona görə uşağın atası ilə görüşü mümkün olmamışdır. Uşağın xəstə olmasını və müalicə almasını təsdiq edən sənədləri də məhkəməyə təqdim edirlər. Hüquqlarını müdafiə etdiyi şəxs növbəti həftədən uşağın atası ilə görüşməsinə və ünsiyyət saxlamasına etiraz etmir, tələbkar istəyirsə uşağı ilə görüşə bilər. Göstərilən halları, yəni hüquqarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(060)-29/2025 saylı icra sənədindən görünür ki, 2(060)-1887/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanunu qüvvəyə minənədək Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək xx.xx.2019-cu il təvəllüdlü X6 ilə Şəxs iştirakı olmadan ünsiyyətdə olmaq vaxtı müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq, uşağın yaşayış yeri üzrə hər həftənin bazar günü saat 15:00-da cavabdeh Şəxs tərəfindən ərizəçi Zərərçəkmiş şəxs təhvil verilməli, həmin gün saat 18:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Şəxs təhvil verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli,16(060)-29/2025 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli,16(060)- 29/2025 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Bildirişin surəti xx.xx.2025-ci il tarixdə bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında əlavə olunmuş “Sumqayıt TİBB Mərkəzi” publik hüquqi şəxs uşaq xəstəxnasının 260 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində - xx.xx.2025-ci il tarixlərində “Sumqayıt Tibb Mərkəzi” PHŞ-in tabeliyində olan Uşaq xəstəxanasının uşaq şöbəsində “Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Yenidən xx.xx.2025-ci il tarixində poliklinika şöbəsində həkim-pediatrın ambulator müayinəsində olmuşdur. Ev şəraitində ambulator müalicəyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim etdiyi video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, video görüntülər Şəxs yaşadığı mənzilin içərisində qeydə alınmışdır. Şəxs mənzilin içərisində dayanaraq mənzilin qapısında dayanmış Zərərçəkmiş şəxs uşağın xəstə olmasını və onu yalnız evdə görə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə evə daxil olmayacağını və uşağı aparmaqla təkbaşına görüşməli olmasını qeyd etmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs ümumi xəstəliyə görə İİ qrup əlildir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(060)-29/2025 saylı icra sənədinə əsasən 2(060)-1887/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanunu qüvvəyə minənədək Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək xx.xx.2019-cu il təvəllüdlü X6 ilə Şəxs iştirakı olmadan ünsiyyətdə olmaq vaxtı müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq, uşağın yaşayış yeri üzrə hər həftənin bazar günü saat 15:00-da cavabdeh Şəxs tərəfindən ərizəçi Zərərçəkmiş şəxs təhvil verilməli, həmin gün saat 18:00da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Şəxs təhvil verilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2025-ci il tarixdə borcluya təqdim edilmişdir. Lakin, borclu Şəxs uşağın atasının narkotik asılılığının olduğunu, uşağı atasına təkbaşına verməyəcəyini, öz nəzarəti altında görüşə biləcəyini, həmçinin məhkəmənin qərardadından şikayət verdiyini qeyd edərək icra sənədini icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni məhkəmə qərarında göstərilən vaxtda və qaydada uşağı tələbkara verməkdən yayınması icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, müəyyən edilmişdir ki, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktı müvəqqəti təminat tədbiri barədə qərardad kimi qəbul edilmişdir və həmin qərardaddan şikayət verilməsi qərardadın icasını dayandırmır. Bundan əlavə məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xəta tərkibi inzibati xəta haqqında protokol tərtib edilən tarixə kimi, yəni 18 mart 2025-ci il tarixə kimi yaranmışdır. Həmin tarixdə keçirilən məhkəmə iclasının təxirə salınma səbəbi icra sənədinin icrası ilə bağlı tərəflərə əlavə imkanın yaradılması ilə bağlı olmuşdur. Lakin, aradan keçən müddət ərzində də icra sənədi icra edilməmiş və tərəflər arasında icra sənədinin icrası ilə bağlı hər hansı razılıq əldə edilməmişdir. Qeyd edilməldir ki, boclu Şəxs uşağı icra sənədində qeyd edilən vaxtda və qaydada tələbkara təhvil verməməkdən əlavə, bu günə kimi uşağı icra idarəsinə aparmamış və iddia etdiyi kimi uşaq atası ilə görüşmək istəmədiyi halda zəruri icra tədbirlərinin həyata keçirilməsinə də şərait yaratmamışdır (psixoloqun dəvət edilməsi, uşağın psixoloqla ünsiyyətinə şərait yardılması və s.). Bütün bu göstərilənlər Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsini və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini bir daha təsdiq edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Həmin Məcəllənin 163.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbiri haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olması və himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar