Məhkəmə qərarları › İş №3(060)-706/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-706/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-706/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, şikayət vermiş şəxs X8 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin inzibati xəta haqqında iş üzrə 23 fevral 2022-ci il tarixli MN ******* №li qərarından X10 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X10 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində qəbul olunmuş MN ******* saylı, 23 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 şikayətində göstərmişdir ki, 23.02.2022-ci il tarixdə barəsində İXM-nin 211.1-ci maddəsi üzrə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 23.02.2022ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə o, İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə olunmuşdur. Qərar 23.02.2022ci il tarixdə çıxarılsa da, qərar ona göndərilməmişdir. O, qərarı 02.03.2022-ci il tarixdə Sumqayıt ŞPİ 4-cü PB-dən almışdır. Ona görə də qərardan şikayət vermə müddətini ötürülməmişdir. O, həmin qərarla razı deyildir. O, fiziki şəxs kimi fəaliyyət göstərir. Tərəfindən karantin qaydasının tələbləri pozulmamışdır. Həmin gün saat 23:30, 23:45 radələrində T.T.İ-də olan 2 nəfər işçisi işlərini bitirmişlər. Sonra evə getmək üçün hazırlaşıb iş yerindən çıxmışlar. Qapıdan çıxdıqları vaxt polis əməkdaşı onlara yaxınlaşmış və bildimişlər ki, guya karantin qaydalarını pozmuşlar. Hər iki işçi buna etiraz etmişlər və bildirmişlər ki, karantin qaydalarını pozmamışlar. Onları işlədikləri yerdə yox, işdən çıxıb qapını bağladıqları vaxt saxlayıb və əsassız olaraq həm onlara, həm də ona cərimə yazmışlar. O, bununla razı deyildir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Çünki İXMnin 211.1-ci maddəsinin tələblərini pozmamışdır. Qərəzli olaraq ona cərimə yazılmışdır. Həmçinin qeyd edir ki, işlədiyi yer ictimai-iaşə obyekti deyil. Ona görə də hesab edir ki, ona cərimə tətbiq oluna bilməz. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 10.03.2022ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 18 mart 2022-ci il tarixə təyin edilmiş, lakin Sumqayıt şəhər polis idarəsi 4-cü PB-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, X1 rejim qaydalarını pozmasını təsdiq edən sübutların təqdim olunması və şahidlərin məhkəmə iclasına dəvət olunması ilə bağlı işin baxılması 28 mart 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi 4-cü PB-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər polis idarəsi 4-cü PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 18 mart 2022-ci il tarixdə məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X8 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək bildirdi ki, inzibati tənbeh vermə haqqında qərar 23.02.2022-ci il tarixdə çıxarılsa da, qərar rəsmi olaraq göndərilməmiş və sözü gedən qərar 02.03.2022-ci il tarixdə Sumqayıt ŞPİ 4-cü PBdən alınmışdır. Ona görə də qərardan şikayət vermə müddətini ötürülməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs X10 fiziki şəxs kimi fəaliyyət göstərir, o plitə istehsal edən sex işlədir. Protokol tərtib ediləndə Cavid Əhmədov işdə olmamışdır. Sexdə 2 nəfər fəhlə işləmişdir. Həmin fəhlələr saat 23:30-da işlərini qurtarıb, qum, sementlə işlədiklərindən sexdə yuyunmuşlar. Saat 00:00-dan bir az keçmiş sexi bağlayıb çixanda polislər onlara guya saat 00:00 dan sonra fəaliyyət göstərmələrini irad bildirərək protokol yazmışlar. Əslində isə saat 00:00 dan sonra sexdə heç bir iş görülməmişdir, protokol qərəzli yazılmışdır. Ona görə də hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki MN ******* №li, 23 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. 28 mart 2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən şahid X5 izahatında bildirdi ki, 23 fevral 2022-ci il tarixdə o və X3 Əhmədovun işlətdiyi sexdə fəhləlik etmişlər. Həmin vaxt Cavid sexdə olmamışdır. Saat 23:30, 23:45 radələrində işlərini bitirmişlər. Onlar qum və sementlə işlədiklərindən yuyunub evə getmək üçün hazırlaşıb iş yerindən çıxmışlar. Qapıdan çıxdıqları vaxt polis əməkdaşları onlara yaxınlaşmış və bildimişlər ki, guya karantin qaydalarını pozub saat 00:00-dan sonra sexdə işləmişlər. Polislərə saat 00:00-dan sonra heç bir iş görmədiklərini, karantin qaydalarını pozmadıqlarını bildirsələr də, buna əhəmiyyət verilmədən barələrində protokol yazılmışdır. Məhkəmə iclasında digər şahid X6 izahatını şahid X4 izahatına uyğun verdi. Məhkəmə iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin nümayəndəsini, şahidlərin izahatlarını dinləyərək hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X10 barəsində 23 fevral 2022-ci il tarixdə MN № ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 23 fevral 2022-ci il tarixdə MN ******* saylı qərar qəbul edilərək X10 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4.000,00 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X8 İXM-nin 211.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X10 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Sumqayıt şəhər polis idarəsi 4-cü PB-yə X10 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən şöbə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Sumqayıt şəhər polis idarəsi 4-cü PB X8 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Məhkəmə iclasında izahat verən şahidlər isə protokol yazılan gün Cavid Əhmədovun ümumiyyətlə iş yerində olmadığını, həmçinin sexdə saat 00:00-dan sonra heç bir iş görülmədiyini bildirmişlər. Qeyd edilənlərin əksi isə qərarı qəbul etmiş orqan tərəfindən sübuta yetirilməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər polis idarəsi 4-cü PB-nin X10 barəsindəki MN ******* №li 23 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Sumqayıt şəhər polis idarəsi 4-cü PB tərəfindən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar