Məhkəmə qərarları › İş №3(060)-707/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-707/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-707/2023 17.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxs - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Sumqayıt şəhəri, Dörd Qardaş restoranının yaxınlığında X3 ilə mübahisə edərək onu itələyərək fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qismən təqsirli bilərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Sumqayıt şəhəri, Dörd Qardaş restoranının yaxınlığında maşınla bir-birinə yol verməmək üstündə X3 ilə aralarında mübahisə düşmüş və o onu itələmiş, lakin vurmamışdır. Halhazırda zərərçəkmiş şəxs X3 ilə barışmışdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Sumqayıt şəhəri, Dörd Qardaş restoranının yaxınlığında maşınla birbirinə yol verməmək üstündə Şəxs ilə aralarında mübahisə düşmüş və Şəxs onu itələyərək ona fiziki ağrı yetirmişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə barışdığını və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, əməli törədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 193 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Məhkəmə inzibati xətaya dair materialları, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM ROVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar