Məhkəmə qərarları › İş №3(060)-709/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-709/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-709/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından barəsində inzibati qərar çıxarılan şəxs X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3-cü maddələri ilə 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci məhəllə, Nəsimi heykəlinin yanında olan yolda hərəkətdə olan zaman YPX əməkdaşı ona “dayan” əmri vermiş və dərhal əmrə tabe olaraq dayanmışdır. YPX əməkdaşı, polis serjantı Kənan Məmmədov ona işıq cihazlarından istifadə qaydalarını pozduğunu və işığı yandırmadığını bildirmişdir. O isə işıqları yandırdığını bildirərək boşluq olduğu üçün bir anlıq sönə biləcəyini, lakin işıq cihazında heç bir problem olmadığını bildirmiş və dərhal əli ilə işıq cihazına toxunduqda işıığın yanmasının şahidi olmuşdur. Bundan dərhal sonra polis serjantı Kənan Məmmədov cərimə yazmaq istədiyi üçün onun təhlükəsizlik kəmərindən istifadə etmədiyini bəhanə gətirmişdir. Halbuki o, təhlükəsizlik kəmərindən istifadə etmişdir. Bunu polis serjantı Kənan Məmmədov özü şəxsən görmüşdür. Bunu həmin yolda olan kameralar vasitəsi ilə də vizual şəkildə görmək mümkündür. Polis serjantı Kənan Məmmədov ona cərimə yazmaq niyyətində olduğu üçün heç bir əsas olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 329.3-cü maddələri ilə protokol tərtib etmişdir. O, protokoldan narazılığını bildirsə də, heç bir sübut olmadan protokolla bağlı qərar verilmişdir. Protokol onun tərəfindən imzalanmamışdır. Hazırda narazılığının yaranmasının səbəbi onun əməlində heç bir qayda pozuntusunun tərkibinin olmamasıdır. Ona görə də, barəsində tərtib edilmiş TP ******* saylı qərarın ləğv edilməsi və əməlində Azərbaycan Respublikası İXM-nin 329.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati qərar çıxarılan şəxs X2 və inzibati xəta haqqında qərar vermiş şəxs gəlməmiş, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati xəta haqqında qərarda nəyin müəyyən olunduğu, harada və hansı xətanın törədildiyi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar