Məhkəmə qərarları › İş №3(060)-714/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-714/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-714/2023 27.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Cəlil Qəhrəmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Xocavənd rayonunda anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində bölmədə polis əməkdaşlarını söyüb təhqir edərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etməsi əsası ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Cəlil Qəhrəmanov tərtib etdiyi protokola uyğun izahat verərək, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsində fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Ayrı-ayrı vaxtlarda spirtli içki qəbul edir. 26 mart 2023-cü il tarixdə yaşadığı mənzildə spirtli içki qəbul etdikdən sonra valideynləri ilə arasında mübahisə baş vermişdir. Onlar bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat verdikdən sonra polis əməkdaşları yaşadığı mənzilə gəlmişlər. Polis əməkdaşları özlərini təqdim edib, şikayətlə əlaqədar onu polis bölməsinə dəvət edən zaman o, spirtli içki qəbul etdiyi üçün uca səsdən qışqırmağa başlamışdır. Daha sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ 5-ci polis bölməsinə aparmışlar. Bölmədə olan zaman spirtli içkinin təsiri altında olduğu üçün orada hansı hərəkətlər etdiyini dəqiq xatırlamır. Hazırda törətdiyi əməldən çox peşman, bir daha belə pozuntulara yol verməyəcəyinə söz verir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Şəxs onun oğludur. 26 mart 2023-cü il tarixdə yaşadıqları mənzildə olan zaman oğlu spirtli içki qəbul etmiş və onlarla mübahisə etməyə başlamışdır. Bu zaman o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Şikayəti əsasında polis əməkdaşları onların evlərinə gəlmiş və oğlunu bölməyə aparan zaman, Şəxs ucadan qışqırmağa başlayaraq, nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, Sumqayıt ŞPİ 5-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır.26 mart 2023-cü il tarixdə DİN-nin 102 qaynat xəttinə edilmiş şikayətlə əlaqədar vətəndaş Şəxs sahə rəisi və digər polis əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. Şəxs polis bölməsində olan zaman iş rejimini pozaraq yüksək səslə polisin ünvanına nalayiq ifadələr işlətmiş, digər polis əməkdaşlarını təhqir etmiş həmçinin polis maşının yandıracağı barədə sözlər demişdir. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” üzrə 26 mart 2023-cü il tarixli, A/474 nömrəli protokoldan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. AR İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alınamlı, AR İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İşdəki tutma protokolundan görünür ki, Şəxs 26 mart 2023-cü il tarixdə, saat 17:45-də tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 12:00-da azad edilişdir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB tərəfindən xx.xx.2023-cü il tarixdə saat 17:45-də tutularaq, xx.xx.2023-cü il tarixə saat 12:00-a dək saxlanması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar