Məhkəmə qərarları › İş №3(060)-723/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-723/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-723/2024 02.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X4, “Şimal” Vəkil Bürosunun vəkili X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tətib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tətib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Həmin protokollar məhkəmənin qərardadı ilə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında işirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X8 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:22 radələrində Sumqayıt şəhəri, Niyazi Küçəsində YPX-nin əməkdaşları xidmətdə olan zaman 50EU882 dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobilin sürücüsünə arxa stop işıqlarını tündləşdirildiyi üçün saxla əmri verilmiş, avtomobil yolun sağ küncündə saxlanılmış, nəqliyyat vasitəsinin arxa stop işıqlarını tündləşdirildiyi müəyyən edilmişdir. Bu zaman sürücü narazılıq edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, müayinəyə dəvət edilmiş, narkoloji dispanserdə sürücü özünü aqressiv aparmış, müayinə olunmaqdan imtina etmidir. Dispanserdə polis əməkdaşlarının ünvanına söyüş söymüşdür. Şəxs polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsə də, o tələblərə məhəl qoymamış və hərəkətlərinə davam etmişdir. Hadisə yerinə PPX əməkdaşları dəvət olunmuş, onların köməkliyi ilə sürücü Sumqayıt ŞPİ 1-ci PB-nə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, qayda pozuntusu etmədiyi halda xx.xx.2024-cü il tarixdə saat 11:22 radələrində Sumqayıt şəhəri, Niyazi Küçəsiəsində saxlanılmış, saxlanıldıqdan sonra polis əməkdaşları ona idarə etdiyi “Opel” markalı **- EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa stop işıqlarına üzlük çəkildiyi bildirilmişlər. O, polis əməkdaşlarına həmin qayda pozuntusunun aradan qaldırılmalı məsələ olduğunu bildirmiş, polis əməkdaşları onun dediklərinə məhəl qoymamış, avtomobilin duracağa getməli olduğunu bildirmişlər. Bu zaman əməkdaşlardan biri onun avtomobilinə əyləşmiş, özü isə avtomobili idarə etmişdir. Bir az getdikdən sonra o yenə üzlüyün yerində sökülməli olmasını, bu hərəkətlərinin insanlığa yaraşmadığını bildirdikdə polis əməkdaşı onun sözündən əsəbləşmiş və anidən avtomobilin əyləcini çəkmişdir. Buna görə yolda qəza vəziyyəti yaranmışdır. O da polis əməkdaşının bu hərəkətindən əsəbləşərək avtomobili saxlayıb, kənara çəkilmiş və duracağa evakuatorla aparılmasını tələb etmişdir. Bu zaman polis əməkdaşı ondan avtomobilin açarlarını tələb etmiş, o da açarları verməmişdir. Polis əməkdaşı hadisə yerinə PPX əməkdaşlarını çağırmış, PPX əməkdaşları onu müayinə olunmaq üçün narkoloji dispanserə aparmışlar. Müayinə zamanı ondan mobil telefonu istəyib götürmək istədikdə o, ürək xəstəsi olduğu üçün üzərində olan ürək tənzimləyici aparata zədə gələcəyindən qorxub telefonu cibindən çıxartmağa imkan verməmişdir. O, polis əməkdaşlarının ona hörmətsiz yanaşdıqları üçün müayinə olunmaqdan imtina etmişdir. Daha sonra onu bölməyə gətirmişlər. O, etdiyi əməl üzrə təqsirli bilmir və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmişdir. Göstəilənlərin nəzərə alınmasını, himayəsində iki azyaşlı uşağının, xəstə anasının və özünün 2-ci qrup olduğunu nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin taqım komandiri X1 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:22 radələrində Sumqayıt şəhəri, Niyazi Küçəsiəsində “Opel” markalı 50EU882 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə arxa stop işıqlarını tündləşdirildiyi üçün saxla əmri verilmiş, avtomobil yolun sağ küncündə saxlanılmış, nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəticədə nəqliyyat vasitəsinin arxa stop işıqlarını tündləşdirildiyi müəyyən edilmişdir. Həmin vaxt sürücü Şəxs özünü qeyri-adekvat apardığı, əlləri əsdiyi və digər əlamətlərinə görə onun narkotik istifadəçisi olması şübhəsi yaranmışdır. Bununla bağlı müayinəyə aparılacağə bildirilmişdir. Şəxs digər YPX əməkdaşı Rahil Bədəlzadə ilə birlikdə duracağa getmişlər. Bir az keçdikdən sonra Rahil Bədəlzadə ona zəng etmiş, sürücünün özünü qeyri-adekvat apardığını bildirmişdir. O, hadisə yerinə getmiş, sürücü Şəxs avtomobilini görsə də özünü görməmişdir. Az sonra sürücü Şəxs yaxınlaşaraq onların ünvanına nalayiq söyüşlər söymüş, onların Azərbaycanlı olmadığını bildirmiş və qazi olmadığı halda özünü qazi kimi təqdim etmişdir. Şəxs tabesizliyini davam etdirdiyi üçün əraziyə PPX avtomobili və evakuator çağırılmışdır. PPX əməkdaşları gələnə kimi Şəxs nəqliyyat vasitəsinin evakuatora yüklənməsinə mane olmuşdur. Yalnız PPX əməkdaşlarının köməyi ilə Şəxs müayinə olunmaq üçün narkoloji dispanserə apparmışlar, lakin o, narkoloji dispanserdə də əməllərini davam etdirmiş, səs-küy salaraq ətrafdakı insanlara polis əməkdaşlarını pis təqdim etmiş, həmçinin müayinə olunmaqdan imtina etmişdir. Müayinə olunmaqdan imtina etdiyinə görə Şəxs barəsində ayrıca inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin PPX taborunun polis nəfəri X7 izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 11:22 radələrində digər əməkdaşlarla xidmətdə olarkən YPX-nin əməkdaşları kömək istəmişlər. Onlar Sumqayıt şəhəri, Niyazi Küçəsinə getmişlər. Hadisə yerində bir şəxsin, yəni Şəxs YPX əməkdaşlarına tabesizlik göstərərək onları təhqir etməsini görmüşdür. Daha sonra Şəxs müayinə olunmaq üçün narkoloji dispanserə gətirmişlər. Dispanserdə insanların içərisində yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və yayınmağa çalışmışdır. Buna görə onun qoluna qandal vurmuşlar. Şəxs orada müayinə olunmaqdan da imtina etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin PPX taborunun polis nəfəri X2 ondan öncə şahid qismində izahat vermiş X3 izahatına uyğun, eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında “Şimal” Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, hüquqarını müdafiə etdiyi şəxs Şəxs idarə etdiyi nəqliyyat vasitəsində olan qayda pozuntusu ilə bağlı saxlanılmış, o, YPX əməkdaşının nəqliyyat vasitəsini duracağa aparılmasına mane olmamışdır. Yolda gedən zaman avtomobilin duracağa aparılmasına narazılıq etmişdir. Şəxs özünü ictimai qaydanı pozması ilə qismən təqsirli bilir. Şəxs müayinəyə getsə də, sonuncunun qaçmaq niyyəti olmamışdır. Şəxs 2-ci qrup əlildir. Ürək əməliyyatı keçirən zaman narkoz alması Şəxs əsəbi olmasına gətirib çıxarmışdır. Göstərilənləri nəzərə alınmasını Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsini və həmin Məcəllənin 510-cu maddəsi ilə isə ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olmasa da, onun Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün ziddiyyətli izahatları, şahidlərin izahatları, həmçinin iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportlardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Niyazi küçəsində ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir. İnziabti xəta haqqında işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi yaranmamışdır. Belə ki, işin halları ilə təsdiq edilir ki, Şəxs etdiyi hərəkətlərdə niyyəti ictimai qaydanı pozmaq olmamışdır. O, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşları ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı barəsində icraat aparılan şəxsin hər hansı səs-küy salması məhz ictimai qaydanı pozmaq niyyəti ilə edilməmişdir. Bu hərəkətlər şəxsin etdiyi tabesizliyin tərkib elementi kimi çıxış etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs əməllərində yalnız Azərbaycan Respublikası İXM-nin 535.1-cu maddəsinin tərkibi yaranmışdır. Bu səbəbdən də onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2-ci qrup əlil olmasını (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs) məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdırıcı halın isə olmamasını, həmçinin İİ qrup əlil (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs) olması səbəbindən qanunvericiyin ona inzibati həbs tətbiq edilməsini istisna etməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində tətbiq ediləcək inzibati cərimənin miqdarı müəyyən edilərkən Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən onun 01 gün müddətə inzibati qaydada tutulması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 53, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığı üçün onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən onun 01 (bir) gün müddətə inzibati qaydada tutulması nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar