Məhkəmə qərarları › İş №3(060)-726/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-726/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-726/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar X3, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, Sumqayıt şəhəri, 49 №-li körpələr evində tərbiyyəçi və müəllim vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 02 mart 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-3696/2020 saylı 29.09.2020-ci il tarixli qərarına əsasən Şəxs X4 ödənilməli 1.930,00 manatı üzürsüz səbəbdən ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)- 3696/2020 saylı 29.09.2020-ci il tarixli qərarına əsasən Şəxs X3 xeyrinə 1.930,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat pul tutulmalıdır. Borclu halhazırda heç bir ödəniş ödəyə bilmir lakin, borcun ödənilməsi üçün aprel ayından sonra hər ay 200,00 manatdan az olmayaraq ödəyə biləcəyini bildirmişdir. Tələbkar şikayət etdiyinə görə borclu barəsində protokol tərtib etmişdir. Məhkəmədə icra sənədi üzrə tələbkar X7 izahatında göstərdi ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-3696/2020 saylı 29.09.2020-ci il tarixli qərarına əsasən Şəxs onun xeyrinə 1.930,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat pul tutulmalıdır. Borclu 1.900,00 manat borcu bu günə qədər qaytarmamışdır. İcra sənədi üzrə tələbkar qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3696/2020 saylı 29.09.2020-ci il tarixli qərarına əsasən ondan X3 xeyrinə 1.930,00 manatı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat pul tutulmalıdır. Sözü gedən məhkəmə qətnaməsindən məlumatı olmamışdır, həmin qətnamə qiyabi qəbul olunmuşdur. İcra sənədinin mövcudluğundan yalnız bu gün məlumatı olmuşdur. Buna görə də Aprel ayından etibarən 200,00 manatdan az olmayaraq tələbkara ödənişlər edə biləcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədi ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Bəxtiyar Quliyev tərəfindən 25 noyabr 2020-ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin borclunun həmin qərar və bildirişi alması müəyyən olunmur, həmin sənədlər borcluya təqdim olunmamış və geri icra qrumuna qaytarılmışdır. Yalnız 02.03.2021-ci ildə borclunun izahatı alınaraq həmin qərar və bildiriş ona təqdim olunmuşdur. İcra məmuru tərəfindən həmin gün, yəni 02.03.2021-ci il tarixdə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, işin qeyd edilən halı Şəxs sözü gedən icra sənədini üzürsüz səbəbdən icra etməməsi nəticəsinə gəlməyə əsas ola bilməz. Çünki icra məmuru tələbin könüllü icrası barədə bildirişi 02.03.2021-ci il tarixdə borcluya təqdim edib həmin gün də İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməsi borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 02 mart 2021-ci il tarixdə Şəxs barəsində MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar