Məhkəmə qərarları › İş №3(060)-731/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-731/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-731/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması məsələsinə baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 3(060)-3661/2021 saylı qərarı ilə xx.xx.1970-ci ildə Qubadlı rayonu, Yusifbəyli kəndində doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Qubadlı rayonu, Həmzəli ərazi dairəsi, Yusifbəyli kəndində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500,00 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 3(060)-3661/2021 saylı qərarı ilə razılaşmayan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 3(060)-3661/2021 saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə 18.11.2021-ci il tarixli, 3(060)- 3661/2021 saylı qərardadı və Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair 18 noyabr 2021-ci il tarixli, 3(060)-3661/2021 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, 18 noyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsi ilə inzibati xəta haqqında tərtib olunmuş protokolla Binəqədi Rayon Məhkəməsinin 2(001)-2069/2017 saylı, 23.04.2018-ci il tarixli icra vərəqəsi arasında ziddiyyət var, birinci instansiya məhkəməsi qeyd olunan ziddiyyətli məqamlara diqqət yetirməmiş, tərtib olunmuş protokolun və materialların düzgün tərtib olunması barədə qərardad və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Bundan başqa, iş materiallarından və protokoldan görünür ki, Şəxs hazırki borcu 9.619,00 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi qeyd olunan borcun yalnız Şəxs məxsus olmasını, yaxud da X1 və ya hər ikisinin ümumi borcu olması məsələsini araşdırmamış, bu barədə protokolun natamamlığına diqqət yetirilməmiş, işin halları tam araşdırılmamışdır. Məhkəmədə materialın baxılmağa hazırlanması ilə bağlı işin halları öyrənilmişdir. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarında göstərilənlərlə bağlı iş materiallarını araşdırıb müəyyən etdi ki, inzibati xəta haqqında icraat zamanı və protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmişdir, daxil olmuş material natamamdır, bu natamamlığın məhkəmədə işə baxılarkən tamamlanması və göstərilən halların araşdırılması bu materiala baxılması hüdudlarında mümkün deyildir. Ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1.1-100.1.7, 100.1.10-cu maddələrinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 18 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar