Məhkəmə qərarları › İş №3(060)-732/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-732/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-732/2025 19.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2247/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzürsüz səbəbdən icra edilməmiş və nəticədə 15978 manat borc yaranmışdır. `Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2247/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 16240 manat alınaraq iddiaçı X4 verilməsi və Şəxs 138,72 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin icra vərəqi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmış, borclu xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və bildirişlə tanış olmuşdur. Tələbkar İcra İdarəsinə müraciət edərək borcludan şikayətçi olduğunu bildirmişdir. Daha sonra borclu icra idarəsinə dəvət edilərək izahatı alınmış, ödəniş etmədiyindən barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə borclu 500 manat cərimə edilmişdir. Həmin qərardan sonra borclu tələbkara heç bir ödəniş etməmişdir. Dəfələrlə telefon vasitəsi ilə borclu ilə əlaqə saxlanılmağa çalışılmış, lakin zənglərə cavab verməmişdir. Bu səbəbdən barəsində axtarış elan edilmişdir. Məhz bu gün borclu başqa bir icra sənədi üzrə İcra idarəsinə gəlmiş, tərəfindən dəvət edilərək izahatı alınmışdır. Borclu ödəniş etmədiyindən sonuncu barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, borclu Türkiyə Respublikasında olduğu dövrdə whatsapp vasitəsi ilə əlaqə saxlanılaraq icra sənədini yerinə yetirilməsi Şəxs bildirilmişdir. Borclu tələbkara hazırda 500 manat ödəniş edəcəyini bildirməsinə baxmayaraq tələbkar ödənişin tam edilməsini tələb edir. Borclu barəsində ilk dəfə protokol tərtib edilən zaman 400 manat ödəniş etmişdir. Borclunun icra məmurunun çağırışlarına gəlməməsi və artıq barəsində 2-ci dəfə protokol tərtib edilməsini nəzərə alaraq borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, tələbkarla razılıq əldə etməyə çalışmış, lakin sonuncu ilə razılığa gələ bilməmişdir. Bir müddətdir ki, Türkiyə Respublikasında işləyir, lakin telefonu sındığına görə icra məmuru ilə əlaqə saxlaya bilməmişdir. Həmçinin bir neçə dəfə tələbkara pul göndərməyə çalışsa da Türkiyə Respublisaı vətəndaşı olmadığından pul köçürməni həyata keçirə bilməmişdir. Sonuncu dəfə 2024-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında tələbkara hər dəfə 460 manat olmaqla əlbəəl ödənişlər etmişdir. Hazırda tələbkara 500 manat ödəniş edə biləcəyini, növbəti aylardan isə hissə-hissə ödənişlər edəcəyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, işlədiyi yer onun əmək haqqısını yalnız 2 gün əvvəl ödədiyindən bu müddətdə tələbkara ödəniş edə bilməmişdir. Ödəniş etməkdən imtina etmir, hər ay hissə-hissə ödənişlər edərəcəkdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, borclu uzun müddətdir müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınır. Belə ki, sonuncu dəfə evi satdıqdan sonra ödəniş edəcəyinə ona söz vermiş, lakin öz vədinə əməl etməmişdir. Həmçinin bu müddət ərzində heç olmasa bir dəfə telefon vasitəsi ilə əlaqə saxlayıb vəziyyətlə bağlı üzr istəməmişdir. Hazırda ona ödənilən 500 manat ödənişi qəbul edir. Lakin növbəti aylardan borclu tərəfindən ödənişlərin ən azı 1500 manat miqdarında olmasını istəyir. Qarşıdan Novruz bayramının gəlməsi və borclunun himayəsində yeni doğulan övladının olmasını nəzərə alaraq sonuncu dəfə Şəxs güzəşt edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, hüquqlarının müdafiə etdiyi şəxs tərəfindən qismən də olsa ödənişlər edilmiş, hazırda da tələbkara 500 manat ödəniş etmiş və sonuncu ilə razılığa gəlmişdir. Hesab edir ki, Şəxs əməllərində qərəz yoxdur. Tərkib olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2247/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 16240 manat alınaraq iddiaçı X4 verilməsi və Şəxs 138,72 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2247/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2247/2024 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Bildiriş, xx.xx.2024-cü ildə borcluya rəsmi qaydada verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tarixli “borclunun axtarılması barədə” qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2783/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2247/2024 saylı icra vərəqsinə əsasən cavabdeh Şəxs 16240 manat alınaraq iddiaçı X4 verilməsi və Şəxs 138,72 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş üzrə xx.xx.2024-cü ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2024-cü ildə tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya verilmişdir. Borclu tərəfindən sentyabr-dekabr aylarında 4 dəfə olmaqla hər dəfə 460 manat miqdarında ödənişlə edilmişdir. Daha sonra ödənişlər edilmədiyindən borclu barəsində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə təqdim edilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 500 manat məbləğində cərimə edilmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdirilməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Borclu dekabr ayında 460 manat ödəniş etmiş, həmçinin bu gün 500 manat tələbkara ödəniş etmişdir. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar