Məhkəmə qərarları › İş №3(060)-740/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-740/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-740/2024 04.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1979-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Qarqabazar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN1746494 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(105)-478/2022 saylı icra sənədi üzrə tələbi yerinə yetirməmiş və 21.770 manat məbləğində pul vəsaitini üzrsüz səbəbdən ödəməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(105)- 478/2022 saylı icra sənədinə əsasən 22.225 manat məbləğində pul vəsaiti, həmçinin 45 manat dövlət rüsumu borclu Şəxs tutularaq tələbkar X2 verilməlidir. Borclu icra sənədinin icrasından qərəzli şəkildə yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(060)-1401/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs olunmuşdur. Lakin, bundan sonra da borclu icra sənədini icra etməmiş və borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, maddi vəziyyəti imkan vermədiyi üçün ödəniş edə bilmir. Vaxt verilərsə hissə-hissə ödəniş edə bilər. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır, heç bir ödəniş etmir. Ona görə də borclu barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında müafiəçi X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs aliment borcunu etiraf edir və qərəzli olaraq ödənişdən boyun qaçırmır. Sadəcə maddi vəziyyətinə görə ödəniş edə bilməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(105)-478/2022 saylı icra sənədindən görünür ki, 22.225 manat məbləğində pul vəsaiti, həmçinin 45 manat dövlət rüsumu borclu Şəxs tutularaq tələbkar X2 verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(060)- 1401/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibai həbs olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(105)-478/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq bundan sonra da icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Qeyd edilən hərəkətləri ilə də Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu əcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 04 aprel 2024-cü il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 oğlu tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 04 aprel 2024-cü il tarixdən saat 12:30dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar