Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-744/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ23755458 saylı, xx.xx.2024-cü il tarixli EQ23755459 saylı, xx.xx.2024-cü il tarixli EQ23755460 saylı və xx.xx.2024-cü il tarixli EQ23755461 saylı inzibati xəta haqqında protokollarından X2 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ23755458 saylı, xx.xx.2024-cü il tarixli EQ23755459 saylı, xx.xx.2024-cü il tarixli EQ23755460 saylı və xx.xx.2024-cü il tarixli EQ23755461 saylı inzibati xəta haqqında protokollarının ləğv edilməsini və inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, X2 şikayətində inzibati tənbeh tətbiq etmə haqqında qərarların deyil, inzibati xəta haqqında protokollarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan aktlar siyahısına aid olmadığını, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsində inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən isə həmin inzibati tənbeh tətbiq etmə barədə qərarlardan şikayət inizbati xətanın törədilməsi yeri üzrə müvafiq rayon (şəhər) məhkəməsinə verilə bilər. Həmin qərara əsasən həmçinin barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Yəni, şəxs şikayətinə yaşayış yeri üzrə baxılmasını istəyirsə şikayətlə eyni zamanda müvafiq vəsatət də verməlidir. Həmçinin müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərarlardan şikayətə baxılması da Sumqayıt şəhər Məhkəməsinə aid deyil. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, inzibati xətalar müxtəlif şəhər və rayonların ərazisində qeydə alınmışdır. Həmin qərarlardan şikayət də xətanın törədilməsi yeri üzrə müvafiq rayon (şəhər) məhkəməsinə, yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İndiki halda nə xətaların qeydə alındığı yer, nə də barəsində qərar çıxarılmış şəxsin yaşadığı yer Sumqayıt şəhəri ərazisi deyi. Şikayətdə şəxs Sumqayıt şəhərində faktiki yaşadığını qeyd edilsə də, onun daimi pasport qeydiyyatının Göygöl rayonu ərazisində olması müəyyən edilmişdir. “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, dörd ayrı-ayrı qərardan şikayət birlikdə verilə bilməz. Belə ki, hər bir inzibati xəta haqqında iş üzrə ayrıca icraat aparıldığından onlardan şikayət də ayrı-ayrılıqda verilməlidir. Göstərilənlərdən əlavə məhkəmə qeyd edir ki, yuxarıdakı abzaslarda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, inzibati tənbeh tətbiq etmə barədə qərarlardan hazrıki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən aidiyyət qaydalarına uyğun şikayət etmək hüququnun olması (şikayət verilən tarixdə müddət ötürüldüyü halda isə buraxılmış müddətin bərpasına dair vəsatətlə birlikdə) şikayətçiyə izah edilməldir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ23755458 saylı, xx.xx.2024-cü il tarixli EQ23755459 saylı, xx.xx.2024-cü il tarixli EQ23755460 saylı və xx.xx.2024-cü il tarixli EQ23755461 saylı inzibati xəta haqqında protokollarından X2 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati xəta haqqında protokollardan deyil, inzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrı-ayrılıqda hazrıki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən aidiyyət qaydalarına uyğun şikayət etmək hüququnun olması (şikayət verilən tarixdə müddət ötürüldüyü halda isə buraxılmış müddətin bərpasına dair vəsatətlə birlikdə) X1 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-744/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-744/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver