Məhkəmə qərarları › İş №3(060)-745/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-745/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-745/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə İXM-nin 327.1-ci maddəsi ilə bilinərək xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar ilə 40 manat məbləğində cərimə edilmiş, qeyd olunan inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 14 oktyabr 2023-cü il tarixdə Mersedes-Benz E-220 CDİ markalı, AA750XA dövlət nömrə nişanlı minik avtomoibili ilə hərəkətdə olan zaman saat 11:30 radələrində YPX əməkdaşı tərəfindən saxlanılmış və Bakı şəhər Qaradağ rayon DYPŞ-nin Yol-Patrul xudməti inspektoru polis serjantı X1 tərəfindən barəsində TP ******* nömrəli, 14 oktyabr 2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərar tərtib olunmuşdur. Qərara əsasən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X3” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) törətdiyi və törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor etirazla razılaşmamış və barəsində heç bir qanuni əsası olmayan inzibati protokol tərtib edilmiş, heç bir əsaslandırma heç bir qanuna istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X3” Azərbaycan Respublikası Qanunun tələblərini pozmaqla 40 (qırx) manat məbləğində inzibati cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Daha sonra o, həmin qərarı mübahisələndirmiş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2569/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ-nin Yol-Patrul xudməti inspektoru polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. X4 İşlər Nazirliyi Qaradağ rayon DYPŞ tərəfindən mübahisələndirilməmiş, dekabr ayında icraya yönləndirilmişdir. Bildirir ki, barəsində İXM-nin 529.3-cu maddəsi ilə protokol tərtib edilməsi üçün əsas olmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar artıq ləğv edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ rayon DYPŞ-nin Yol-Patrul xudməti inspektoru polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2569/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ-nin Yol-Patrul xudməti inspektoru polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan qərar 11 dekabr 2023-cü il tarixdə Qaradağ rayon DYPŞ-nin ünvanına göndərilmiş, 20 dekabr 2023-cü il tarixə “Camalova” soyadlı işçi tərəfindən qəbul edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar ilə 40 manat məbləğində cərimə edilmiş, həmin cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyindən barəsində İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ tərəfindən Şəxs barəsində İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş qərar Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2569/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Qeyd olunan qərar 11 dekabr 2023-cü il tarixdə Qaradağ rayon DYPŞ-nin ünvanına göndərilmiş, 20 dekabr 2023-cü il tarixə “Camalova” soyadlı işçi tərəfindən qəbul edilmiş, həmin qərar Qaradağ rayon DYPŞ tərəfindən mübahisələndirilməmiş və ya ötən uzun müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 529.3-cu maddəsi ilə protokol tərtib edilməsi üçün əsas olmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar artıq məhəkəmə tərəfindən ləğv edildiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ-nin inspektoru, polis kapitanı Nümayəndə ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar