Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-745/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polis polkovnik leytenantı Pərvin Səfərəliyevin xx.xx.2025-ci il tarixli, EQ/26573220 nömrəli elektron qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polis polkovnik leytenantı Pərvin Səfərəliyevin xx.xx.2025-ci il tarixli, EQ/26573220 nömrəli elektron qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X5 şikayət verərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polis polkovnik leytenantı Pərvin Səfərəliyevin Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə qəbul etdiyi EQ/26573220 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, 11 mart 2025-ci il tarixdə saat 11:28:43-də həyat yoldaşı X4 mülkiyyətində olan “Ford Fusion” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin Sumqayıt şəhəri, Sülh küçəsində durma qaydalarını pozmasına görə EQ/26573220 nömrəli inzibati tənbeh vermə haqqında elektron protokol tərtib olunması barədə telefonuna mesaj daxil olmuşdur. Etdiyi müraciət əsasında 12 mart 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ-dən xx.xx.2025-ci il tarixli, EQ/26573220 nömrəli inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada götürmüşdür. Qərara əsasən 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi müəyyən olunmuşdur. Həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi həyat yoldaşı Fuad Kazımov tərəfindən qaynatası X3 və sonra da ona nəqliyyat vasitəsini idarə edilməsindən ötrü etibarnamə verilmişdir. Faktiki olaraq avtomobili Sumqayıt şəhərində yaşayan və orada işləyən qaynatası idarə edir. Qaynatasından bu barədə soruşanda bildirmişdir ki, yuxarıda qeyd olunan vaxtda xidməti işi ilə əlaqədar sözügüdən avtomobillə Sumqayıt Şəhər Məhkəmə kompleksinə getmiş, avtomobili kompleksin yaxınlığında yerləşən və bütün avtomobillərin saxlanıldığı yerdə saxlamışdır, orada DYPŞ-nin əməkdaşları tərəfindən avtomobilin saxlanıldığı yerdə foto şəkili çəkilməklə durma qaydalarının pozması ilə əlaqədar elektron qaydada protokol tərtib edilmişdir. Orada saxlamanı qadağan edən işarənin olmamasını da bildirmişdir. Yoxlanılarsa nəqliyyat vasitəsinin kim tərəfindən idarə olunmasını Sumqayıt şəhərində quraşdırılmış STŞ kameralarındakı görüntülərdən aydın görmək olar. Lakin, avtomobilə dair sonuncu etibarnamə onun adında olduğundan elektron protokol və qərar da onun adına rəmiləşdirilmişdir. Ona görə də həmin qərarla razı deyil və hesab edir ki, qərar ləğv olunmalıdır. O, inzibati xətanın törədilməsində subyekt deyil və inzibati xətanın ona aidiyyəti yoxdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə avtomobili özü idarə etmişdir. Sözügüdən avtomobillə Sumqayıt Şəhər Məhkəmə kompleksinə getmiş, avtomobili kompleksin yaxınlığında yerləşən və bütün avtomobillərin saxlanıldığı yerdə saxlamışdır. Həmçinin, orada saxlamanı qadağan edən yol nişanının olmadığını da qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə X1 şikayətinin dəlillərini, işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polis polkovnik leytenantı Pərvin Səfərəliyevin xx.xx.2025-ci il tarixli, EQ/26573220 nömrəli elektron qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün DİN BDYPİ-yə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polis polkovnik leytenantı Pərvin Səfərəliyevin xx.xx.2025-ci il tarixli, EQ/26573220 nömrəli elektron qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “FORD Fusion” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil durma qaydalarını pozmuşdur. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi X7 “Ford Fusion” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edilməsi üçün xx.xx.2022-ci il tarixdə X2 istifadəsinə vermişdir. Etibarnamənin qüvvədə olma müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi İnzibati Xətalar Məcəlləsinin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə yaranır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs isə bildirmişdir ki, avtomobil onun tərəfindən idarə edilməmiş, qeyd edilən inzibati xəta onun tərəfindən törədilməmiş, DİN BDYPİ tərəfindən qeyd edilən hal araşdırılmamış və avtomobilin kimin tərəfindən idarə edilməsi müəyyən edilmədən, sonuncu etibarnamə onun adına verildiyindən onun barəsində inzibati təhbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı inzibati tənbeh vermə haqqında elektron qərarda olan şəkillərdən də aydın şəkildə görünür ki, nəqliyyat vasitəsinin şəkili durma qaydalarını pozmağa görə nişanı ilə birlikdə çəkilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin elektron qərarda olan şəkillərlə İXM-nin həmin maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranmasını müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitəsini qeyd edilən yerdə saxlamaqla İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün mühüm faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Eyni zamanda qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd edilən məsələnin aydınlaşdırılması istiqamətində heç bir addım atmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polis polkovnik leytenantı Pərvin Səfərəliyevin xx.xx.2025-ci il tarixli, EQ/26573220 nömrəli elektron qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-745/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-745/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver