Məhkəmə qərarları › İş №3(060)-747/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-747/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-747/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi Murad İbrahimovun iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə 29 mart 2023-cü ildə Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, epilepsiya xəstəsidir, fəaliyyət qabiliyyəti olmayan şəxsdir, qəyyumu anasıdır, anası xəstədir, icraatda iştirak edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.1-ci maddəsinə əsasən Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fəaliyyət qabiliyyətinin olub-olmaması aydınlaşdırılmamış, onun qanuni nümayəndəsinin iştirakı ilə izahatının alınması, digər hərəkətlərin edilməsi təmin edilməmişdir. Protokol tərtib edilərkən və icraat aparılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar