Məhkəmə qərarları › İş №3(060)-748/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-748/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-748/2024 18.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, şikayətçi X1, qərarından şikayət verilmiş orqan Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X2 iştirakları ilə, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 19:11 radələrində Sumqayıt şəhəri Bulvar ərazisi Sahil küçəsində “Kia Sportage” markalı **-CV- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman YPX əməkdaşları tərəfindən saxlanılmışdır. O, avtomobili saxlamış və sənədlərini təqdim etmişdir. YPX əməkdaşı bildirmiş ki, avtomobilin arxa oturacağından kimsə başını çölə çıxarmışdı. O, isə belə bir hərəkətin olmadığını bildirərək görüntü tələb etmişdir. Lakin, YPX əməkdaşı bildirmiş ki, görüntünü məhkəmə sorğusu əsasında təqdim edirlər. O, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. YPX əməkdaşı ona qanunsuz olaraq protokol yazaraq getmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 şikayətlə razılaşmayaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:11 radələrində Sumqayıt şəhəri Bulvar ərazisində xidmətdə olduqları vaxt hərəkətdə olan “Kia Sportage” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsindən bir nəfər sərnişinin başını çölə çıxarmasını müşahidə etmişlər və bununla bağlı həmin avtomobilə saxla işarəsi vermişlər. Daha sonra sürücüyə yol verdiyi inzibati xətanı izah etmişlər və sürücü heç bir etiraz etməmişdir. Ona görə də sürücü barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həmçinin bildirmişdir ki, qeyd edilən inzibati xətanın törədilməsi xidməti avtomobildə olan kamera ilə qeydə alınmışdır. Sürücü ilə olan dialoqun səs yazıları da mövcuddur. Həmin sübutları diskə köçürmüş və hazırda məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri Bulvar ərazisində xidmətdə olduqları vaxt hərəkətdə olan “Kia Sportage” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsindən bir nəfər sərnişinin başını çölə çıxarmasını müşahidə etmişlər və bununla bağlı həmin avtomobilə saxla işarəsi vermişlər. Daha sonra sürücüyə yol verdiyi inzibati xətanı izah etmişlər və sürücü heç bir etiraz etməmişdir. Ona görə də xidmətdə yoldaşı Vüsal Abbasov tərəfindən sürücü barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həmçinin bildirmişdir ki, qeyd edilən inzibati xətanın törədilməsi xidməti avtomobildə olan kamera ilə qeydə alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 19:11-də Sumqayıt şəhəri ərazisində “Kia Sportage” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərnişin daşıma qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. YPX inspektoru tərəfindən təqdim edilmiş video görüntülərə və səs yazılarına məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər və səs yazıları YPX avtomobilində qeydə alınmışdır. Görüntülərə əsasən “Kia Sportage” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən arxa sağ qapının pəncərəsindən bir nəfər sərnişinin başını və bədənin bir hissəsini çıxarması müşahidə edilir. Bundan sonra sonra həmin avtomobil YPX inspektoru tərəfindən saxlanılır. Səs yazılarına əsasən YPX inspektoru sürücüyə yol verdiyi qayda pzountusunu və məsuliyyətini izah edir. Lakin, həmin vaxt sürücü tərəfindən hər hansı etiraz olmur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, sürücü X3 xx.xx.2024-cü il tarixdə saat 19:11-də Sumqayıt şəhəri Yeni Bulvar ərazisində “Kia Sportage” markalı **- CV-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa oturacaqda olan sərnişinin başını və bədəninin bir hissəsini arxa sağ qapının pəncərəsindən çıxarmış vəziyyətdə idarə edərək sərnişin daşıma qaydalarını pozmuşdur. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında şikayətçi hadisə yerində YPX inspektoruna etiraz etdiyini bildirsə də, səs yazılarına əsasən yalnız YPX inspektoru sürücüyə yol verdiyi qayda pzountusunu və məsuliyyətini izah etməsi müəyyən edilir. Həmin vaxt yol verilmiş inzibati xəta ilə bağlı sürücünün isə hər hansı etirazının olması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar