Məhkəmə qərarları › İş №3(060)-748/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-748/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-748/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi – 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin etibarnamə üzrə nümayəndələri X4 və X5 iştirakı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində 14 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, "xxxx" MMC-nin müəssisələrində formalaşan tullantı suları təmizlənmədən Sumqayıtçaya axıdılması, müəssisənin sutəmizləyici qurğu olmadan istismar edilməsi, Sumqayıtçaya axıdılan tullantı suların tərkibində zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olmuşdur. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 bildirdi ki, 07 fevral 2025-ci il tarixdə "xxxx" MMC-nin Sumqayıtçaya çıxış hissəsindən götürülən nümunəyə əsasında X10 Montorinq İdarəsi tərəfindən analiz işləri aparılmışdır və analiz nəticəsində suyun tərkibində zərərli maddələrin normadan artıq olduğu müəyyənləşdirilmişdir. Götürülən nəticə 07 mart tarixində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Qarşı tərəfin iştirakını təmin etmək məqsədi ilə 14 mart tarixində bildiriş məktubu göndərilmişdir və qarşı tərəfin SƏTƏM üzrə menecerinin iştirakı ilə protokol tərtib etmişlər. SƏTƏM üzrə menecer də ərazidə təmizləyici qurğunun olmamasını, təmizləyici qurğunun quraşdırılması üçün işlərin getdiyini etiraf etmiş, normadan artıq olması faktı ilə də razılaşmışdır. Bunun əsasında da İXM-nin 233.1-ci maddəsinə normadan artıq olmaya görə və İXM-nin 264.0.1-ci maddəsinə əsasən təmizləyici qurğu olmadan istismar edilməsinə görə protokol tərtib olunmuşdur. Nümunə götürülməsi ilə bağlı tarixlərdə yaranmış ziddiyyətlə əlaqədar olaraq bildirdi ki, nümunə 07 fevral tarixində götürülmüş, bununla bağlı akt da vardır, 11 fevralda isə X10 Montorinq İdarəsi həmin nümunəni "xxxx" MMC-yə təhvil verir. O da Ekologiya Nazirliyinin yanında bir qurumdur, lakin müstəqil MMC-dir. Onlar nümunələri götürürlər və "xxxx" MMC-yə təvil verirlər. 07 fevralda nümunə götürülüb, 11 fevralda analiz aparılıb və nəticəsi qeyd olunub. 21 fevral tarixi isə texniki səhv olmuşdur, 21.01 əvəzinə, texniki səhv olaraq 21.02 qeyd olunmuşdur, bununla bağlı sistemdən çıxarışı təqdim edir. Məhkəmədən hüquqi şəxs barəsində tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək hər iki maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Etiraz ərizəsindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra - İdarə) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC) barəsində tərtib edilmiş 14 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Hazırda məhkəmədə baxılan inzibati protokol tam əsassız olmaqla bərabər eyni zamanda ciddi prosessual pozuntulara yol verilməklə tərtib edilmişdir. Aşağıda qeyd olunanlara əsasən, həmin protokolu qanunsuz və əsassız hesab edirlər. Belə ki, X3 X7 Reyestri (yoxlama.gov.az) çıxarışından görünür ki, aparılmış yoxlama (monitorinq) İdarə tərəfindən reyestrə daxil edilməyibdir (çıxarış etiraza əlavə olunur). “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X7 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun tələbindən göründüyü kimi vahid məlumat reyestrində qeydə alınmamış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur və bu cür keçirilmiş yoxlama zamanı müəyyən olunan faktlara görə heç bir məsuliyyət tədbiri görülə bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 71.1-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Qeyd olunan hüquq normasına əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı hər hansı istisna hal nəzərdə tutulmamış və “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun tələblərinə uyğun keçirilməsi xüsusi ilə vurğulanmışdır. İşin hallarından göründüyü kimi İdarə tərəfindən yoxlama aparılan zaman “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa qeyd etməyi zəruri hesab edirlər ki, "xxxx" MMC "xxxx" MMC-nin (bundan sonra - Sənaye Parkı) rezidentidir və Sənaye Parkının ərazisində yerləşir. Üstəlik "xxxx" MMC ilə Sənaye Parkı arasında 10 yanvar 2018-ci il tarixdə “Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair” müqavilə (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqavilənin 9.1.2-ci bəndinə əsasən, istilik və elektrik enerjisinin, suyun və qazın paylanması və satışı, habelə tullantı sularının axıdılması Sənaye Parkı tərəfindən göstərilən xidmətlərə aid edilmişdir. Müqaviləyə əsasən tullantı sularının axıdılması xidməti Sənaye Parkı tərəfindən göstərildiyindən, "xxxx" MMC bununla bağlı hər hansı bir məsuliyyətə cəlb oluna bilməz. Digər tərəfdən Sumqayıt çay ərazisində həm müxtəlif sənaye müəsisələri, həm də Sənaye Parkında "xxxx" MMC-dən başqa onlarla sənaye müəsisələri fəaliyyət göstərir. Nümunəsi götürülən tullantı sularının məhz "xxxx" MMC tərəfindən axıdılması müəyyən olunmamışdır. Həmçinin aparılmış yoxlama ilə bağlı digər ziddiyətli məqam odur ki, götürülmüş su nümunələri ilə bağlı hazırlanmış hesabat (analiz nəticələri) ilə İdarəyə ünvanlamış məktubda nümunələrin götürülməsi tarixləri bir-birindən fərqli olmasıdır. Belə ki, "xxxx" MMC tərəfindən hazırlanmış analizlərin nəticələri ilə bağlı xx.xx.2025-ci il tarixli rəydə su nümunələrinin xx.xx.2025-ci il tarixində STP-dən götürüldüyü göstərilib. Ceyhun Məmmədov tərəfindən İdarəyə ünvanlamış məktubda isə su nümunələrinin "xxxx"dan xx.xx.2025-ci il tarixdə götürüldüyü qeyd olunub. Göründüyü kimi su nümunələrinin hansı tarixdə, hansı şəraitdə və ərazidən götürülməsi dəqiq məlum deyil. O cümlədən götürülmüş nümunələrin hansı ərazidən götürülməsi qeyri-müəyyən olduğu kimi xüsusi ilə də onu qeyd edirlər ki, ümumiyyətlə sözügedən tarixlərin heç birində STP-dən su nümunələri götürülməmişdir. Hətta onu da bildirlər ki, "xxxx" MMC (və İdarə) tərəfindən gəlinən nəticənin (yəni zərərli maddələrin yuxarı həddinin) hansı normativlərlə müəyyən olunması qeyri- müəyyəndir. Protokolda "xxxx" MMC-yə baxış keçirilməsi, müəssisədə yaranan tullantı və çirkab sularının birbaşa müəssisənin yaxınlığından keçən kanala axıdılması faktının aşkar edilməsi qeyd edilmişdir. Lakin "xxxx" MMC-nin yaxınlığından keçən çaya axıdılan tullantı və çirkab sularının həmin müəssisədən axıdılması iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin qeyd edirlər ki, axıdılan çirkab sularından nümunə götürülərkən İXM-in 94.3-cü maddəsinə görə protokol tərtib edilməmiş, həmin ərazidə video çəkiliş aparılmamış və müvafiq daşıyıcıda akta əlavə edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və 3(060)-748/2025 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İş materiallarından görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sumqayıt şəhəri "xxxx" MMC ünvanında aparılmış monitorinq zamanı 89675 nömrəli, xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair 10 yanvar 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 9.1.2-ci bəndinə əsasən istilik və elektrik enerjisinin, suyun və qazın paylanması və satışı, habelə tullantı sularının axıdılması xidməti Sənaye Parkı tərəfindən həyata keçirilir. Göründüyü kimi tullantı sularının axıdılması xidməti Sənaye Parkı tərəfindən həyata keçirilir, lakin protokol tərtib edilərkən qeyd olunan xüsusat araşdırılmamış, "xxxx" MMCnin qeyd olunan inzibati xətaya aidiyyatı müəyyən edilməmişdir. Bundan başqa "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ərazi Sumqayıt Kimya Sənaye Parkının ərazisidir və orada çoxlu sayda müəssisələr fəaliyyət göstərir. Lakin qeyd olunan tullantı sularının məhz "xxxx" MMC tərəfindən axıdılmasının nə ilə əsaslandırılması qeyrimüəyyəndir. Bundan başqa X10 Monitorinq İdarəsi tərəfindən Sumqayıt şəhəri, STP zavodunda aparılan monitorinq zamanı tərtib edilmiş 65 nömrəli, 07 fevral 2025-ci il tarixli nümunə aktına hüquqi şəxsin nümayəndəsi tərəfindən imza edilməmiş, imza etməkdən imtina edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Həmçinin "xxxx" MMC-yə baxış keçirilən zaman qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur. Həmin Məcəllənin 94.4-1-ci maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. Həmin Məcəllənin 94.6-cı maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, əşyaları və ya sənədləri götürülən şəxs tərəfindən imzalanır. Əşyaları və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 94.7-ci maddəsinə əsasən protokolun surəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə təqdim edilir. Lakin protokolu tərtib edən orqan tərəfindən qeyd olunan tələblərə riayət edilməmişdir. Bundan başqa X3 X7 Reyestrindən çıxarışdan görünür ki, ETSN 4 saylı RETSİ tərəfindən "xxxx" MMC-də aparılmış monitorinq reyestrə daxil edilməmişdir. “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X7 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa aktdan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi Sumqayıtçaya axıdılan çirkab suların hansı mənbədən toplandığı, məhz "xxxx" MMC tərəfindən Sumqayıtçaya hər hansı formada çirkab su axıntısının həyata keçirilib-keçirilmədiyini müəyyən etmək mümkün deyildir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ 5022, ünvan 3 ünvanında olan "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar