Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-749/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakları ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 234.0.1, 239 və 266.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 234.0.1, 239 və 266.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC-yə məxsus Sumqayıt şəhəri, keçmiş Şüşə zavodunda yerləşən istehsalat sahəsində formalaşan tullantıların ətrafa atılaraq ərazinin çirkləndirilməsi, atmosferi atılan zərərli maddələrin yol verilə bilən normasından artıq olması, atmosferə atılan zərərli maddələrə xüsusi icazə sənədinin alınmaması, müəssisədə istehsalat monitorinqinin ətraf mühitə təsirin uçot hesabatının aparılmaması aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 öz izahatında bildirmişlər ki, MMC tərəfindən tullantılarının idarə olunması düzgün aparılmamış, müvafiq müqavilə mövcud olmamışdır. Həmçinin, MMC tərəfindən ətrafa qatı tüstü buraxılması müşahidə edilmişdir. Ətrafa atılan tullantıların normadan artıq olmuş və Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə uçot hesabatları aparılmamışdır. Belə ki, atmosferə atılan tullantıların ətraf mühitə vurulan zərərin miqdarı ilə bağlı müvafiq ekspertizadan icazə alınmalı olduğu halda alınmamışdır. MMC-nin nümayəndəsinin bildirdiyi hesabatlar Statiska İdarəsinə təqdim edilməzdən əvvəl Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmalı idi. MMC-nin inventarlaşdırılma ilə bağlı sənədi olmasına baxmayaraq xüsusi icazə sənədi alınmamışdır. Eldəniz Kərimov inzibati araşdırmada iştirak etmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 234.0.1, 239 və 266.1-ci maddələri ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 bildirmişdir ki, MMC yeni açılmış, istehsalat fəaliyyətinə son 4-5 aydır başlamışdır. MMC yeni açılan zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə getmiş, lakin ona protokolda qeyd edilən sənədlərin hazırlanması lazım olduğu bildirilməmişdir. Sonuncu dəfə o, MMC barəsində protokol tərtib edildikdən sonra müvafiq sənədləri hazırlamaq üçün idarəyə getmiş, idarədən bunun üçün artıq gec olduğu ona bildirilmişdir. Müəssisədə tullantılar olmur, lakin orada soba işləyir və arabir havaya buxar buraxılır. Ətraf mühitə vurulan zərərlə bağlı hesabat aparılmamışdır. O, idarəyə həm protokol tərtib edilməzdən əvvəl, həm də sonra getmişdir. Yoxlama zamanı onlara bildiriş verilərək xəbərdarlıq edilmiş və barələrində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Onlar ekologiya qurumu ilə müqavilə bağlamış, məhz bu səbəbdən hər hansı problem olmayacağını zənn etmişlər. Hazırda onlara vaxt verilərsə sözügedən pozuntularla bağlı sənədlərini qaydaya qoyacaqlar. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 234.0.1, 239 və 266.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş 13 mart 2023-cü il tarixli 89657 №li aktın surətindən görünür ki, Şəxs MMC-ə məxsus aliminium tullantıların əridilməsi və aliminium profillərin istehsalı sahəsində əmələ gələn istehsalat və məişət tullantıları zərərsizləşdirilməsi üçün daşınmaması, əraziyə atılaraq ərazinin çirklənməsi, müəssisənin tüstü borusundan atmosferə qara tüstünün atılması müəyyən edilmiş, aliminium əritmə sahəsində atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyən etmək üçün XKEMİ mütəxəssizləri tərəfindən “BOSEAN” cihazı ilə ölçmə işləri aparılmış və ölçmə nəticəsində dəm qazının 11 mq/m3 (norma 5 mq/m3) olması, bundan başqa “azot 4 oksid”in, “kükürd qazı”nın, yol verilən həddən çox olması müəyyən edilmişdir. Həmçinin, ətraf mühitə atılan, axıdılan, yerləşdirilən tullantıların uçothesabatının aparılmaması, ətraf mühitin çirklənməsinə görə “Ətraf mühitin mühafizəsi Dövlət Fondu”na ödənişlər həyata keçirilməmişdir. İş materiallarında olan sertifikatdan görünür ki, Bosean markalı K-600M tipli qaz detektoru 6919-2024 nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında fəaliyyətinə icazə verilmişdir. İş materiallarında olan ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamədən görünür ki, “Bosean” markalı K-600M tipli qaz detektoru xx.xx.2024-cü il tarixli yoxlamadan keçmiş və 070583 nömrəsi ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı müraciətdə ekspertiza rəyini, tullantıların daşınması müqaviləsini tezliklə alacağını və hesabatları vaxtında təqdim edəcəyini bildirmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsinin çıxarışından görünür ki, Şəxs MMC Naxçıvan şəhərində, xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC-yə məxsus Sumqayıt şəhəri, keçmiş Şüşə zavodunda yerləşən istehsalat sahəsində formalaşan tullantıların ətrafa atılaraq ərazinin çirkləndirilməsi, atmosferə atılan zərərli maddələrin yol verilə bilən normasından artıq olması, atmosferə atılan zərərli maddələrə xüsusi icazə sənədinin alınmaması, müəssisədə istehsalat monitorinqinin ətraf mühitə təsirin uçot hesabatının aparılmaması aşkar olunmuş, bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 234.0.1, 239 və 266.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, iş materialında olan aktlar, protokol və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli hesabat, Şəxs MMC-nin İXM-in 239-cu maddəsi ilə inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, həmin hesabat atmosfer havasına atılan zərərli maddələrə dair tərtib olunmuşdir. Lakin, həmin hesabat ətraf mühitə atılan tullantılarla əlaqəli deyil. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1, 239 və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 234.0.1-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə- fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri üçün texniki normativlər qüvvədə olan standartlar və təlimatlar ilə, atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativləri isə Azərbaycan Respublikasının üzv olduğu MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası tərəfindən təsdiq olunmuş standartlarla tənzimlənir, müvafiq standartlar olmadıqda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi texniki normativlərdən istifadə edilir. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Atmosfer havasının mühafizəsi haqqında Qanunun 12.1-ci maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin stasionar mənbələrdən atılmasına yalnız müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada verdiyi xüsusi icazə əsasında yol verilir. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. nMüəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarına əsasən tullantı istehsalçıları, daşıyıcıları, emal edənlər, tullantı poliqonlarının operatorları tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə ildə bir dəfədən az olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat təqdim edirlər. Həmin əsasnamənin 6-cı bəndinə əsasən ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminə aşağıdakılar daxildir: 6.1 atmosfer havasının monitorinqi, 6.2 su obyektlərinin monitorinqi, 6.3 torpaqların monitorinqi, 6.4 mineral-xammal ehtiyatlarının monitorinqi, 6.5 bioloji ehtiyatların monitorinqi, 6.6 atmosfer yağıntılarının (yağış, qar) monitorinqi, 6.7 radioaktivliyin monitorinqi, 6.8 ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi, 6.9 tullantıların monitorinqi, 6.10 sanitariya-epidemioloji monitorinqi, 6.11 ekzogen geoloji və seysmogeodinamik proseslərin ətraf mühitin vəziyyətinə təsirinin monitorinqi, 6.12 xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi Həmin əsasnamənin 6.9-cu bəndinə əsasən tullantıların monitorinqi - əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə uçota alınması və tullantıların düzgün yerləşdirilməsi qaydalarına riayət olunmasının təmin edilməsindən ibarətdir. Tullantıların monitorinqi aşağıdakı qaydada aparılır: tullantı mənbələri müəyyənləşdirilir və inventarlaşdırılır, tullantı istehsalçıları, daşıyıcıları, emal edənlər, tullantı poliqonlarının operatorları tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə ildə bir dəfədən az olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat təqdim edirlər. Tullantılar haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X5 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları) icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X5 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü olan cərimə tətbiq edilməklə daha ciddi xətaya görə müəyyən edilmiş maddənin həddində, yəni 233.1-ci maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 234.0.1, 239 və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10.500 (on min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-749/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-749/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver