Məhkəmə qərarları › İş №3(060)-751/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-751/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-751/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Qubadlı rayonu, Dondarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində 01 mart 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə uşaqların yetkinlik yaşına çatana qədər hər ay 216 manat borclu Şəxs alınaraq Ağayeva Hicran Mürvət qızına verilməli olsa da, borclu üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərini icra etməmiş, nəticədə 12960 manat aliment borcu yaranmışdır. Protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək bidirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən etibarən hər ay bir uşaq üçün 108 manat olmaqla, ümumilikdə iki uşağa görə 216 manat sabit pul məbləğində aliment və xx.xx.2013-cü il təvəllüdlü X2 3 yaşı tamam olan günədək 50 manat məbləğində maddi yardım cavabdeh Şəxs tutularaq Ağayeva Hicran Mürvət qızına verilməsi qət edilmişdir. Borclu Şəxs bildiriş təqdim olunmuş və o bildirişlə tanış olmuşdur. Yaranmış aliment borcuna görə 2016-cı ilin aprel ayında 500 manat məbləğində inzibati cərimə olunmuşdur. Ondan sonra da borcluya xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş etməmişdir. 2018-ci il ildə tələbkar Ağayeva Hicran Mürvət qızı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək aliment borcunun olmamasını bildirmişdir. 2018-ci ildən yığılan aliment borcu 12960 manat təşkil edir. Bu gün onun tərəfindən borclunun yanında tələbkarla telefon əlaqəsi saxlanılmış və o, aliment borcunun ödənilməsini tələb etmişdir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 510/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015ci il tarixdən etibarən hər ay bir uşaq üçün 108 manat olmaqla, ümumilikdə iki uşağa görə 216 manat sabit pul məbləğində aliment və xx.xx.2013-cü il təvəllüdlü X2 3 yaşı tamam olan günədək 50 manat məbləğində maddi yardım ondan tutularaq Ağayeva Hicran Mürvət qızına verilməsi qət edilmişdir. 2015-ci il tarixdə tələbkarla aralarında olan nikah pozulmuşdur. İki qız övladları olduğuna görə 2018-ci il tarixdən tələbkarla barışmışlar və bir yerdə yaşamişlar. 3-4 ay olar ayrı yaşayırlar. Birgə yaşadıqları müddətdə ailəsinin bütün tələbatını təmin etdiyini, aliment borcunun 2018-ci il tarixdən yarandığını və hər ay 310 manat aliment ödədiyini bildirdi. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs borcunun olmamasını bildirsə də, bunu təsdiq edən qəbzləri məhkəməyə təqdim edə bilməmişdir. Bununla əlaqədar məhkəmə onun tərəfindən icra sənədi üzrə 12960 (on iki min doqquz yüz altmış) manat məbləğində aliment borcunun ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 29 mart 2023-cü il, saat 14:35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar