Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-752/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Hümbətov Samir Saqif oğlunun iştirakları ilə, Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 30.06.2020-ci il tarixli, TP ******* saylı Qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hümbətov Samir Saqif oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Saqif oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 30.06.2020-ci il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbardar edilmiş Sumqayıt şəhər X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Hümbətov Samir Saqif oğlu izahatında bildirdi ki, 30.06.2020-ci il tarixdə Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razılaşmır. Belə ki həmin ərəfədə icazə portalında onun adı olmuşdur. Buna baxmayaraq polis əməkdaşları postda onu saxlamış və icazəsiz olaraq şəhərdə hərəkət etdiyini bildirərək ona heç bir xəbərdarlıq etmədən, protokolun surətini təqdim etmədən onun barəsində cərimə tətbiq etmişlər. Cərimədən məlumatı olmamış, 2021-ci ilin fevral ayında xəbəri olmuşdur. Odur ki Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 30.06.2020-ci il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan 30.06.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hümbətov Samir Saqif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan portaldan çıxarışın surətindən görünür ki, fərdi sahibkar Hümbətov Samir Saqif oğlu, həqiqətən də, 21.06.2020-ci il tarixdən 05.07.2020-ci il tarixədək olan dövr ərzində ** MH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisi üzrə, Bakı, Abşeron rayonu, Sumqayıt şəhəri üzrə icazəli olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Hümbətov Samir Saqif oğlunun qərardan şikayəti təmin edilməlidir. Belə ki, o, həqiqətən də inzibati xəta haqqında protokol tərtib edilən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilən tarixdə, yəni 30.06.2020-ci il tarixdə icazəli olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq İXM Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Hümbətov Samir Saqif oğlu barəsində Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş 30.06.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hümbətov Samir Saqif oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən Hümbətov Samir Saqif oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 30.06.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-752/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-752/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver