Məhkəmə qərarları › İş №3(060)-753/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-753/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-753/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında 18 fevral 2021-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs ASC Mərkəzi Bankın 09.12.2020-ci il tarixli, 26-18130-2020 saylı göstərişi əsasında müvafiq sənədləri vaxtında təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 28.12.2020-ci il tarixdə törədilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, 03.03.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəa haqqında protokolu tərtib etmiş şəxsin və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onlarınn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-yə 05 fevral 2021-ci il tarixdə yazılı surətdə bildiriş göndərilməklə, Mərkəzi Bankın 09.12.2020-ci il tarixli, 26-18130-2020 saylı məkttubu əsasında müvafiq sənədləri 18 fevral 2021-ci il tarixədək təqdim edilmədiyi təqdirdə, müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbardar edilmiş və bununla bağlı xəbərnamə 08.02.2021-ci il tarixdə Quliyeva S. soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Şəxs MMC VÖEN ********** əsasında 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.1 və 107-1.2-ci maddəsinə görə səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Həmin Məcəllənin 107-1.4-cü maddəsinə görə səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görəvəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ5004, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İca idarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar