Məhkəmə qərarları › İş №3(060)-755/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-755/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-755/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olunun və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada qaynaqçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli, həmin Məcəllənin 529.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin protokollara baxılması bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6439/2023 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdülü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-4107/2024 saylı icra sənədinə əsasən isə Şəxs 1.1135,05 manat əsas borc, 989,48 manat faiz borcu, cəmi 2.124,53 manat məbləğində borc və 41,65 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd edilən icra sənədləri üzrə icraata başalama haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildirişlər borcluya rəsmi qaydada verilmişdir. Lakin, borclu müxtəlif bəhanələr gətirərək ödənişlər etməmişdir. Bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2308/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra borclu aliment üzrə hissə-hissə olmaqla bu günə kimi 500 manat məbləğində alimnet borcunu ödəmiş, digər icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinə səbəb kimi isə uşaqları görə bilmədiyini qeyd etmiş, həmçinin rəsmi qaydada nikhaları pozulmadığı üçün ödəniş etmədiyini bildirmişdir. Bundan əlavə borclu bu ilin fevral ayından sonra icra idarəsinə gəlməkdən də yayınmış, yalnız axtarış qərarı əsasında onun bu gün onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Həmçinin bildirmişdir ki, borclu barəsində də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2308/2024 saylı icra sənədi də mövddur. Həmin icra sənədinə əsasən borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Borclu cərimə ödənişini də üzrsüz səbəbdən ödəməmişdir. Borclunun rəsmi gəliri və ya adına hər hansı əmlak aşkar edilməmişdir. Göstərilən halları nəzərə alaraq borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, onun digər borcları da olduğu üçün ödəniş edə bilməmişdir. Belə ki, ev almış, evini təmir etdirmişdir və hazırda ipoteka borcu ödəyir. Həmçinin bildirmişdir ki, indiyədək işi qeyri-stabil olmuş. Ayda təxmini 1500 manat gəliri olmuşdur. Ona görə də borclarını ödəməmişdir. Həmçinin bildirmişdir ki, uşaqları görmədiyi və rəsmi qaydada nikahları pozulmadığı üçün borcu ödəməmişdir. Lakin, bundan sonra daha stabil işi olacağı üçün borclarını ödəməyə söz verir. İcra məmurunun çağırışından da yayınmamışdır. Rayonda olduğu üçün icra idarəsinə gəlməmişdir. Göstərilən halları nəzərə alaraq ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayınmır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6439/2023 saylı icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdülü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(060)-4107/2024 saylı icra sənədindən görünür ki, Şəxs 1.1135,05 manat əsas borc, 989,48 manat faiz borcu, cəmi 2.124,53 manat məbləğində borc və 41,65 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)- 2308/2024 saylı qərarından görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(060)-6439/2023 saylı və xx.xx.2024-cü il tarixli, e-2(060)-4107/2024 saylı icra icra sənədlərini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında qərarlardandan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6439/2023 saylı, xx.xx.2024-cü il tarixli, e-2(060)-4107/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(060)- 2308/2024 saylı qərarları üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icra barədə bildirişlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 0xx.xx.2023-cü il tarixli, 2(060)-6439/2023 saylı, xx.xx.2024-cü il tarixli, e-2(060)-4107/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(060)-2308/2024 saylı icra sənədləri üzrə tələbləri könüllü şəkildə icra etməsi Şəxs tələb edilmiş, sonuncu həmin bildirşləri rəsmi qaydada almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6439/2023 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdülü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-4107/2024 saylı icra sənədinə əsasən isə Şəxs 1.1135,05 manat əsas borc, 989,48 manat faiz borcu, cəmi 2.124,53 manat məbləğində borc və 41,65 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd edilən icra sənədləri üzrə icraata başalama haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildirişlər borcluya rəsmi qaydada verilmişdir. Lakin, borclu icra sənədlərini icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2308/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra borclu aliment üzrə hissə-hissə olmaqla bu günə kimi 500 manat məbləğində alimnet borcunu ödəmiş, digər icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Bocrlu barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2308/2024 saylı qərarı ilə olan 500 manat məbləğində cəriməni də ödəməmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu əcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinməli, İXM-in 34.3-cü maddəsinə əsasən daha ağır sanksiyası olan həmin Məcəllənin 529.2-ci maddəsi ilə barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 02 aprel 2025-ci il tarixdən saat 15:45-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 02 aprel 2025-ci il tarixdən saat 15:45dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar