Məhkəmə qərarları › İş №3(060)-757/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-757/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-757/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1983-cu ildə Naxçıvan MR, Şərur ray., anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Toğrul Rüstəmov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 7275/18 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasən 5997.47 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq pul məbləği "xxxx" ASC-nə ödənilməlidir. Borclu edilən xəbərdarlıqlara baxmayaraq üzürsüz səbəbə görə ödəniş etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Toğrul Rüstəmov məhkəməyə izahat verərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7275/18 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs və X1 5997.47 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq pul məbləği tutularaq "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi bundan əvvəl digər icra məmurunun icraatında olmuş təxminən 2 həftəyə yaxındır ki, icra sənədi onun icraatına daxil olmuşdur. İcra sənədi üzrə iki borclu şəxs olsa da, Şəxs əsas borclu olduğundan onun barəsində inzibati protokol tərtib edilmişdir. Borclu öz ifadəsində bu müddət ərzində ödəniş etdiyini söyləsə də, ödəniş edilməsi barədə onda hər hansı ödəniş qəbzini borclu təqdim etməmiş və ya tələbkar bankdan ödənişlərin edilib-edilməməsi barədə hər hansı sənəd alınmamışdır. Bu ilin mart ayında icra sənədi üzrə tələbin borclunun əmək haqqına yönəldilməsi ilə bağlı borclunun iş yerinə müvafiq məktub gönədirilsə də, bu müddət ərzində tutmaların həyata keçirilib-keçirilməməsi ilə bağlı aidiyyatı müəssisədən məlumat daxil olmamış və tərəfindən bu istiqamətdə zəruri hərəkətlər aparılmamışdır. Həmçinin borclunun faktiki olaraq yaşadığı ünvana baxış keçirilməmiş, borcluya məxsus 3-cü şəxslərdə olan tələbin yönəldilə biləcəyi əmlakın olub-olmaması barədə hər hansı icra tədbiri həyata keçirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, onun Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7275/18 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən məlumatı var. 2015-ci ildə devalivasiya olduqdan sonra müflis olmuş, ödənişləri edə bilməmişdir. Hazırda ödəniş etmək üçün imkanı yoxdur. İlk başda onun borcu 7000 ABŞ dollarından çox olmuş, ödəniş edərək 5997.47 ABŞ dolları borcu qalmışdır. Hazırda sürücü işləmək üçün bir neçə yerə müraciət etmiş, lakin ölkədən çıxmaq hüququ məhdudlaşdırıldığı üçün ağır tonlu maşınları idarə edərək ölkə xaricinə çıxa bilmir. Növbəti aydan ölkə daxilində sürücü işləyərək vaxtı-vaxtında ödənişlər edəcəkdir. Borcu olduğunu dərk edir, borcunu ödəməkdən yayınmır, sadəcə işsiz olduğu üçün ödəniş edə bilmir. Ailəlidir, himayəsində 7 və 13 yaşlı övladları var. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, icra məuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş zəruri icra hərəkətləri həyata keçirilməmiş, bundan başqa Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, sonuncu öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmır. Göründüyü kimi kredit borcunun ödənilməsi ilə bağlı borclu tərəfindən heç bir qərəz nümayiş etdirilməmişdir. Tələbin borclular tərəfindən ödənilməsi istiqamətində icra məmuru tərəfindən “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirilmədən protokol tərtib edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin qanunun 63-cü maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə yol verilir. Həmin qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Qeyd olunanlardan göründüyü kimi, icra məmuru tərəfindən borclunun faktiki olaraq yaşadığı ünvana tərəfindən baxış keçirilməmiş, digər borclu X2 məxsus tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması, o cümlədən borcluların 3-cü şəxslərdə olan əmlaklarının olub-olmaması barədə hər hansı icra tədbiri həyata keçirilməmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar