Məhkəmə qərarları › İş №3(060)-759/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-759/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-759/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi X9 inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Materialdan görünür ki, Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayon arasında yerləşən “Yaşar” kafesinə baxış keçirilən zaman qida qəbulu otaqlarında Nazirlər Kabinetinin 237 saylı qərarının tələbləri pozulmuşdur. Belə ki otaqda sıxlıq gözlənilməmiş və müştərilərin oturacaqlarının arasında 1 metrlik məsafə gözlənilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi X9 inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından narazı qalan X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən ona qarşı tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli protokolun və xx.xx.2021-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilərək hesablanmış cərimənin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən onun barəsində guya pandemiya qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixdə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola uyğun olaraq MN ******* saylı qərar qəbul edilərək 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Nə inzibati xəta haqqında protokol, nə də inzibati xəta haqqında qərar qəbul edilərkən onun iştirakı təmin olunmamış, bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə şikayətlə müraciət etmişdir, inzibati xəta haqqında MN ******* saylı xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(060)-3020/2020 saylı qərarı ilə şikayət ərizəsi qismən təmin olunmuş və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi X7 inzibati xəta haqqında MN ******* saylı qərarı ləğv edilmiş və iş İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Şəhər Şöbəsinə dəvət olunmuşdur. Həmin prosesdə onun nümayəndəsi, Sumqayıt Şəhər Hüquq Məsləhətxanasının vəkili A.Ş.Qulamov iştirak etmişdir. Aparılan araşdırma formal xarakter daşımışdır. Qida Təhlükəsizliyi agentliyinin məsul işçiləri bildirmişlər ki, onlar xx.xx.2020-ci il tarixdə tərtib edilmış protokola əsasən yenidən vəzifəli şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə uyğun olaraq qərar qəbul etdilər və o yenə də 3000 manat məbləğində cərimələnmişdir. Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsləri araşdırma zamanı fotoşəkillər göstərmişlər. Fotoşəkilin nə vaxt və harada çəkilməsi göstərilməmişdir. Həmin prosesdə iştirak edən «Yaşar» kafesinin administratoru X14 bildirmişdir ki, «Yaşar» kafesində göstərilən interyer mövcud deyil. «Yaşar» kafesində sanitariya və epidemiya qaydalarına tam riayət olunur və yazılmış qərar əsassızdır. Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsləri ona qarşı qərəzli mövqedədirlər. Həmin yoxlamadan təqribən bir müddət əvvəl qida təhlükəsizliyi agentliyinin vəzifəli şəxsləri «Yaşar» kafesinə gələrək mətbəxdə olan bir sıra çatışmamazlıq barəsində protokol tərtib edib, inzibati tənbeh haqqında qərar qəbul etmişlər. Qərarda göstərilən halları o qəbul etmiş və dərhal bankdan kredit götürərək yeməkxananın mətbəxini tam təmir edərək ora yeni avadanlıq almışdır. Bu günə qədər bankın kreditini bağlaya bilməmişdir. Belə ki, müştərilərə uzun müddət yerində xidmət göstərə bilməmişlər. Lakin bank öz kreditini ardıcıllıqla tələb edir. Belə olduğu halda əmlakının bir hissəsini satıb bankın kreditlərini ödəməyə məcbur olmuşdur. Hal-hazırda da heç bir əsas olmadan Qida Təhlükəsizliyi Agentliyi yenidən qərar qəbul edərək onu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 3000 manat cərimə etmişlər. Hesab edir ki, protokol və qərar yalnız görünüş üçün özlərinin fəaliyyətinin qiymətləndirilməsi üçün yazılmışdır. Müəssisə 2 yolun arasında yerləşdiyindən bu cür yoxlamalar dəfələrlə həyata keçirildiyindən qaydalara riayət etməmək yox, qaydalara riayət etmək iqtisadi baxımdan onun mənafeyinə uyğundur. Sumqayıt Şəhər Məhkəməsinin bu işlə bağlı qərarında inzibati xəta haqqında qəbul edilmiş qərarda epidemiya əleyhinə hansı qaydaların pozulmasının göstərilməməsi qeyd qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə qəbul edilmiş MN ******* nömrəli qərarda da, eyni səhvlər edilmiş və bu qərarda da məhkəmə tərəfindən artıq qiymət verilmiş halı əsas götürməmişlər. Qərarlara diqqətlə baxdıqda görünür ki, yalnız nömrəsində və tarixində fərq var. Səlahiyyətli şəxs heç bir şeyi dəyişdirmədən hesab edir ki, o, epidemiya əleyhinə qaydanı pozmuşdur, lakin hansı qayda pozulması qərarda göstərilməmişdir. Bu baxımdan xx.xx.2021-ci il tarixli qərar ləğv olunmalıdır. Bu qərarda mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayıb və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. O, Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayon arasında yerləşən «Yaşar» kafesində fəaliyyət göstərir. «Yaşar» kafesinin girəcəyində eləcə də, epidemiyanın qarşısının alınması üçün müəyyən olunmuş qaydalara tam riayət olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşı kimi o da, müştərilərinin, yaxınlarının, dövlətin vətəndaşlarının xəstələnməsinin əleyhinədir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs –Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndəsi X10 inzibati tənbeh vermə haqqında qərarın qanuna uyğun olaraq qəbul edildiyini bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi . Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin nümayəndəsi və vəkili X8 şikayətdə göstərilənləri təsdiq edərək şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(060)- 3020/2020 saylı qərarından görünür ki, X2 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi X7 inzibati xəta haqqında MN ******* saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən barəsində inzibati qərar çıxarılan şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizlyi Agentliyinin Sumqayıt Regional Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X2 əməlində inzibati xəta tərkibi yoxdur. Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayonlar arasında yerləşən “Yaşar” kafesində X5 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması iş materialları ilə təsdiq edilməmişdir. Tərtib edilən inzibati xəta haqqında protokolda da hansı hərəkətlə, hansı qaydanın pozulduğu, bunun hansı sübutlarla təsdiq olunduğu göstərilməmişdir. Məhz bunlarla bağlı qərar ləğv edilərək yenidən baxılması üçün göndərilsə də heç nə dəyişməmiş və umumi ifadələrlə vəzifəli şəxsin inzibati xəta törətdiyi qeyd edilmişdir. X5 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin hansısa qaydada pozulması ilə bağlı sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021ci il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X3 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə olunmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar