Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-759/2023 30.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2003-cü ildə Tovuz rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, Tovuz rayonu, Həsənli ərazi dairəsi, Həsənli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 30 mart 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023cü il tarixdə saat 19:35-də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi. “Esmira” şadlıq sarayının qarşısında Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 30 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli biməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində S.Vurğun küçəsində “Ləman” mebelin qarşısında özünə məxsus “VAZ 2109” markalı avtomobillə hərəkət edən zaman onun sağ zolağında yük avtomaşını olduğundan arxadan gələn “Mersedes Benz” markalı avtomobil işiqlarını yandırıb söndürərək ondan yol istəyən zaman sağ zolağında avtomobil olduğu üçün yol verə bilməmiş, bir az irəlilədikdən sonra sağında yol boş olanda sağa çəkib “Mersedes Benz” markalı avtomobilə yol vermişdir. Sonra evinə gəlib iftar edib S.Vurğun küçəsindəki “Esmira” şadlıq sarayının qarşısında dayanmışdır. 1 manatdan müştəri gözləyən zaman YPX-nin əməkdaşı ora gəlib ondan nəyə görə avtoxuliqanlıq etdiyini, manevr qaydalarını pozduğunu soruşmuş, o, isə YPX-nın əməkdaşına bildirmişdir ki, heç bir avtoxuliqanlıq hərəkəti etməmiş, əgər etmişsə görüntünün təqdim olunmasıı xahiş etmiş, YPX-nin əməkdaşı heç bir görüntü təqdim etmədən ondan avtomobilinin açarlarını istəmişdir. O, isə acarı vermədiyindən həmin YPX-nin əməkdaşı əraziyə PPX-nin əməkdaşlarını dəvət etmişdir. PPX-nın əməkdaşı ora gəldikdən sonra o, avtomobilinin acarını təqdim etmiş, daha sonra PPX-nin əməkdaşlaır onu polis bölməsinə gətirmişlər. Onu 1 gün polis bölməsində buna qanuni əsas olmadan saxlamışlar. Həmçinin mülkiyyətində olan avtomobili də qanunsuz olaraq cərimə meydançasına aparmışlar. Hələ də avtomobili cərimə meydançasındadır. Qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı Şahid1 izahatında qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə 20-22 çağrışlı yol patrul xidməti avtomaşınında xidmət apararkən saat 19:35-də “VAZ 21093” markalı **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının manevr qaydasını pozduğu üçün efir vasitəsi ilə ona qeyd olunan avtomaşını saxlanılaraq müvəqqəti duracağa təmin olunması barədə göstəriş verilmişdir. Sürücü Sumqayıt şəhəri, S.Vurğun küçəsində “Esmira” şadlıq sarayının qarşısında olarkən sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, sonra qayda pozuntusunu izah etmişdir. Sürücü əsəbi halda, uca səslə danışaraq ətrafdakı insanların diqqətini cəlb etdiyi üçün ora insanların yığışmasına zəmin yaratmışdır. Sürücünün yanında onu tanıyan şəxslərdən biri sürücüyə avtomaşının ötürücü qutusunu aktiv halda saxlayaraq qapılarını bağlamasını, açarı təqdim etməməsini, avtomaşını evakuator vasitəsi ilə aparırlarsa həmin zaman avtomaşının ötürücü qutusunda nasazlıq baş verəcəyini və ötürücü qutusunu YPX-nın əməkdaşına düzəltdirəcəklərini bildirmişdir. O sürücüdən avtomobilin açarlarını verməsini tələb etsə də onun qanuni tələbinə əməl edilmədiyindən o, ərazidə xidmət aparan PPX-nin əməkdaşlarını radiostansiya vasitəsilə köməyə çağırmış və sürücü aidiyyəti üzrə 2-ci PBnə gətirilmişdir. Ona efir vasitəsilə göstəriş verildiyindən Şəxs konkret olaraq hansı qayda pozuntusu törətdiyini o özü bilavasitə aşkar etməmiş, bunu görməmişdir. Bu gün də o məhkəməyə Şəxs barəsində hansı yol hərəkəti qayda pozuntusuna görə protokol yazılıb yazılmamasını bilmir. O hesab edir ki, əgər sürücü avtoxuliqanlıq edibsə idarə olunan avtomobil cərimə meydançasına yerləşdirilə bilər. Buna görə də sürücü Şəxs idarə etdiyi avtomobilin açarlarını istəmişdir ki, həmin avtomobili cərimə meydançasına yerləşdirsin. Lakin Şəxs avtomobilin açarlarını vermədiyindən o hesab edir ki, bu əməl polisin qanuni tələbinə məhəl qoymamaqdır. Mövcud situasiyada avtomobilin cərimə meydançasına yerləşdirilməsi üçün İXM-nin 96-cı maddəsində nəzərdə tutulan əsasların olub-olmamasını məhkəməyə izah edə bilmir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında dindirilən Şahid2 izahatında qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə “Esmira” şadlıq sarayının yanında olarkən YPX-nın əməkdaşı Şəxs avtoxuliqanlıq hərəkəti etdiyi üçün avtomaşının açarlarını təqdim etməsini tələb edərəkən, Şəxs YPX-nın əməkdaşından sənədlərini təqdim edəcəyini, lakin avtoxuliqanlığa görə avtomaşının müvəqqəti duracağa aparılmasının qanunsuz olduğunu deməsini eşitmişdir. Daha sonra YPX-nın əməkaşı tərəfindən hadisə yerinə PPX-nın əməkdaşları dəvət olunmuşdur. PPX-nın əməkdaşları gələndən sonra Şəxs etiraz etmədən onlarla birlikdə PB-nə getmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində 30 mart 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Şəxs əməlində polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs idarə etdiyi “VAZ 21093” markalı **- EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının cərimə meydançasına yerləşdirilməsi üçün İXM-nin 96-cı maddəsində nəzərdə tutulan əsaslar olmamış, bununla da YPX-nin əməkdaşının Şəxs onun avtomobilinin cərimə meydançasına yerləşdirilməsi üçün həmin avtomobilin açarını istəməsi qanuni deyil, qanunsuz olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi isə polis əməkdaşının qanuni tələbinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-759/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-759/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver