Məhkəmə qərarları › İş №3(060)-762/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-762/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-762/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs – X3, Zərərçəkmiş şəxs – X1, Zərərçəkmiş şəxs – X2, Zərərçəkmiş şəxs – X6, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1975-ci ildə Cəbrayıl rayonu, Hovuslu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Cəbrayıl rayonu, Hovuslu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 31 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 57B saylı binanın sakinlərini söyüb təhqir etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X9 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 57B saylı binanın sakinlərini söyüb təhqir etmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, barəsində tərtib edilmiş protokolla və qeyd olunanlarla razı deyil. Binanın üzərində vurulan yazıları idarə heyətinin sözü ilə yazmışdır. O, heç kimi söyüb təhqir etməmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, o, Şəxs komendant olaraq tanımır. Aygün ona qazancı olduğunu bildirərək haqsız olaraq ondan pul tələb edir. Binanın divarına onun yaşadığı mənzil daxil olmaqla bir neçə mənzillərin sakinləri barədə böhtan xarakterli məlumat yazıb vurmuşdur. Mart ayının 26-sı Aygün ilə aralarında davadalaş olmuş, Aygün onu söyüb təhqir etmişdir. Həmçinin mart ayının 28-i polis bölməsində hazırda inzibati protokolu tərtib etmiş sahə rəisinin yanında onu söyüb təhqir etmişdir. Lakin, Şəxs barəsində tərtib edilmiş protokolla tanış olmamış və imza etməmişdir. Həmin protokolda həqiqət əks olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, uzun müddətdir ki, həmin binada yaşayır, çıxarışlı mənzili vardır. Şəxs özünü qeyri-qanuni olaraq komendant kimi təqdim edərək onlardan pul tələb edir. Aygün qanunsuz olaraq liftə elan vurmuşdur ki, onlar lifti cızıb xarab edirlər. O, dəfələrlə Aygünün ofis kimi yaratdığı otaqda olmuşdur. Aygün onlardan qanunsuz olaraq kommunal pulu tələb edir. Onun mənzilinin adını da elana vurmuşdur. Bu onun şərəf və ləyaqətini alçaldır. Hazırda Şəxs barəsində tərtib edilmiş protokolla razı deyildir. Belə ki 2023-cü ilin mart ayının 28-də onun bağlı hər hadisə baş verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, Şəxs onun da mənzilinin adını elan kimi dekabr ayından liftə və bloka yazıb vurmuşdur. Onun şərəf və ləyaqətini alçatmışdır. Mart ayının 28- polis bölməsində olarkən Şəxs orada görməmişdir. Hazırda Şəxs barəsində tərtib edilmiş protokolla razı deyildir. Hesab edir ki, polis tərəfindən protokol düzgün tərtib edilməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, Şəxs onun da mənzilinin nömrəsini elana yazmışdır. Onun şərəf və ləyaqətini təhqir etmişdir. 28 mart tarixində heç bir hadisədə iştirak etməmişdir. İş materiallarında olan elanın surətindən görünür ki, 59A-57B-55B bina sakinləri və komendant adından “Ümumi mülkiyyətimiz olan liftin daxilini cızıb, səliqəsini pozan mənzillər: mənzil 90-69-67-60-57. Siz bizim: 59A-57B-55B binalarının ümumi büdcəsi hesabına idarəedilən xidmətlərdən ödənişsiz istifadə etdiyiniz halda, həm də bizim ümumi büdcəmiz hesabına qoruyub saxladığımız liftin bu hala gəlməsində məsuliyyət daşıyırsınız!!! Sizdən ümumi imzamızla şikayət edəcik!” sözləri yazılmışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (hazırda İXMnin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Şəxs tərəfindən xırda xuliqanlıqla ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Belə ki iş materiallarından və verilmiş ifadələrdən məlum olur ki, 28 mart 2023-cü il tarixdə Şəxs heç kimi söyüb təhqir etməmiş, yəni sonuncuya istinad olunan xırda xuliqanlıq etməmiş, daha əvvəldən binanın giriş hissəsinə asılmış elan bina sakinlərinin narazılığı və mübahisəsinə səbəb olmuşdur. Hazırki iş üzrə zərərçəkmiş şəxslərin şikayəti Şəxs xırda xuliqanlıqla ifadə olunan cəmiyyətə açıq hörmətsizlik edən ictimai qaydanı kobud surətdə pozması ilə bağlı deyil, mənzillərin sakini olaraq onlar barəsində böhtan xarakterli elanın yazılaraq binanın girişinə vurulması olmuşdur. Buna görə də Şəxs əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar