Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-764/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Məhkəmə iclas katibi: X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru: X4, Zərərçəkmiş hüquqi şəxs – "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi: X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələri ilə inzibati xətaya dair protokollara açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X4 tərəfindən 02 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-731/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(060)- 4537/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2632/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində borclu tərəfindən icra edilməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokollar Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 bildirdi ki, iki qərar üzrə protokol tərtib olunmuşdur. Suqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs 10454 manat "xxxx" ASC-nin xeyrinə tutulmalıdır, icra sənədi üzrə cəmi 100 manat ödəniş olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə isə 4184 manat pul tutulmalıdır, icra sənədi üzrə 50 manat ödənişlər aparılmış, hazırda 3784 manat borc qalmışdır. Hər iki icra sənədi üzrə tələbkar tədbir görülməsi ilə bağlı müraciət etmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, imkanı 50 manat ödəməyə çatır. Digər borcları olmuş, onları bağlamış, hazırda "xxxx" ASC-yə olan borcunu ödəyir, həmçinin 50 manat da "xxxx" ASC-yə ödəyir. Həyat yoldaşı xəstədir, kirayədə qalır, imkanı çatdığı qədər ödəniş edir. Bankdan pul götürdüyü zaman işi və yaxşı gəliri olmuşdur, hazırda fəhlə işləyir. Himayəsində üç övladı vardır, böyük oğlu autizm xəstəsidir, əqli geriliyi vardır. Daha çox ödəniş etməyə çalışacaqdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Müdafiəçi Vəkil bildirdi ki, şəxsin himayəsində üç övladı vardır, bir övladı autizm xəstəsidir, şəxs ödəniş etməkdən qəsdən yayınmır. Məhkəmədən nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 borclu şəxs barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, zərərçəkmiş şəxsi, müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-731/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" ASC-bib xeyrinə cəmi 10332,12 manat borc və 122 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4537/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4122,86 manat borc və ödənilmiş 61.23 manat dövlət rüsumu tutulub "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. -Sumqayıt şəhər Məhkəməsinin 8(060)-917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2632/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmiş, həmin qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini, müdafiəçini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-1-ci maddəsindən görünür ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, icra sənədləri üzrə borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Belə ki, borclu bu günə qədər icra vərəqələri üzrə qismən ödəniş etmiş, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq il ərzində təkrarən icra sənədinin icra edilməsindən boyun qaçırmış, eyni zamanda barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə Məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmiş, onun hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ödəmə qabiliyyətini, himayəsində üç övladının olmasını və övladlarından birinin xəstə olmasını, təqsirinin dərəcəsi nəzərə alır və hesab edir ki, ona sanksiyası daha ağır hesab edilən İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə ona ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə uyğun olaraq ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-764/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-764/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver