Məhkəmə qərarları › İş №3(060)-765/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-765/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-765/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2nın iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyi barəsində inzibati xəta haqqında 15 mart 2022-ci il tarixli, ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyi ******* Yapon yeni məbləğində olan vəsaiti ödəniş tapşırığına əsasən bank hesabından 03.02.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 2 il müddət keçsə də, ******* Yapon yeni məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta 04.02.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyi barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, inzibati xətanın törədilməsi faktı 03 fevral 2022-ci il tarixdə aşkar olunmuş, yəni “Azərikimya” İB tərəfindən avans şəklində 03 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödənişin müqabilində ******* yapon yeni məbləğində vəsait hesabına göstərilməli olan xidmətin müddətin başa çatdığı 03 fevral 2022-ci il tarixədək təmin edilməmişdir. Bu fakta görə isə inzibati xəta haqqında protokol 15 mart 2022-ci il tarixdə tərtib edilmiş, mübahisələndirilən məbləğ isə 17 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasına geri qaytarılmışdır. Ödənilən avans Azərbaycana vaxtında qaytarıla bilməməsi Azərbaycan Beynəlxalq Bankına geri qaytarılmanın mümkünsüzlüyü, baş verən 2 aralıq bank istənilməsi səbəbindən yaranmış, Şəxs isə ödənilmiş avansın Azərbaycana vaxtında qaytarılması üçün mümkün olan hərəkətləri etmişdir. Belə ki, qanunvericiliyin tələbi ilə vəsaitin xarici dövlətlərin hesabında qalma müddəti 2 il nəzərdə tutulsa da, Birlik tərəfindən həmin müddətin bitməsinə 2 aydan çox müddət qalmış vəsaitin qaytarılması ilə bağlı 2 saylı Razılaşma protokolu bağlanmış və vəsaitin 15 gün ərzində qaytarılması nəzərdə tutulmuşdur. Nəticədə 17 efvral 2022-ci il tarixdə “Azərikimya” İB-nin Kapital Bank hesabına 35582,64 avro pul vəsaiti qaytarılmışdır. Bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 15 mart 2022-ci il tarixli, ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş 15 mart 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyi ******* Yapon yeni məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 02.02.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, ******* Yapon yeni məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də inzibati xəta protokolu tərtib edilmişdir. Ancaq işə baxılan vaxt məhkəməyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsinin təqdim etdiyi sənədlərlə təsdiq olunur ki, 02.02.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş pul vəsaiti ölkəyə geri qaytarılmışdır. Bu təqdim olunan sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik 28.02.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyi tərəfindən “X1 Corporation” şirkətinə ödənilmiş pul vəsaitinin əvəzinə mallar alınmış, respublikaya daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyi tərəfindən inzibati xəta törədilməsi təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikasından kənara ödənilmiş pul vəsaitinin hesabına alınan mallar ölkəyə vaxtında daxil olmuşdur. Ona görə də, baxılan iş üzrə həm inzibati xəta hadisəsi olmadığına, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərikimya İstehsalat Birliyi barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 15 mart 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar