Məhkəmə qərarları › İş №3(060)-768/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-768/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-768/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1989-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali-hərbi təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən ünvanda kirayədə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:50 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin qarşısındakı ünvanda nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə əməl etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:50 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin qarşısında ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə əməl etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilən halları nəzərə alaraq onun barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə onu Xırdalan şəhərində AAAF park yaşayış kompleksinin qarşısında polis əməkdaşları saxlamışlar. Ona əməliyyat məlumatı ilə əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü PB-yə getməli olduğunu bildirmişlər. O da razılaşaraq avtomobilə əyləşmiş, polis bölməsinə çatarkən avtomobildən düşərkən qaçmağa cəhd etmiş və bu zaman yıxılmışdır. Yıxılarkən üzü və sol qolu yerə dəymiş, üz və qol nahiyyəsindən xəsarət almışdır. Hazırda etdiyi əməldən peşman olduğunu, barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 izahatında bildirmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü PBdə kibercinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili işləyir. Abasov X8 şəhəri, AAAF Park yaşayış kompleksinin qarşısında saxlanılmış və polis bölməsinə getməsi təklif edilmişdir. Bölməyə çatdıqdan sonra, avtomobildən düşüb qaçmış və bu zaman yıxılmışdır. Yıxıldıqdan sonra ünvansız söyüşlər söyərək polisin tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən bölməyə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-də cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili X6 digər şahid X2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, hüquqlarını müdafə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyil. Belə ki, müdafiə etdiyi şəxs polisin tələbinə tabe olaraq Sumqayıt şəhəri 3-cü PB-yə getmişdir. Onun Xırdalandan 3-cü PB-yə gəldikdən sonra avtomobildən düşüb qaçması məntiqə uyğun gəlmir. Əgər o, polisə müqavimət göstərsə idi, əlavə polis əməkdaşları həmin əraziyə cəlb edilərdi. Şəxs Azərbaycan çempionu və hərbçi olmuşdur. Onun polisdən qorxaraq qaçması inandırıcı görünmür. Bundan başqa, bildirmişdir ki, barəsində icraat aparılan şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan tərkib əlamətləri mövcud deyildir. Onun ictimai qaydanı hansı hərəkətlərlə pozması müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olmasa da, onun Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları, həmçinin iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mik., ev 26, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan X7 xx.xx.2025-ci il tarixdə DİN-in 102 XZM-ə zəng edərək və xx.xx.2025-ci il tarixdə 3-cü PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Tik tok” sosial şəbəkəsində “online kredit” adlı səhifədə kredit verilməsi ilə bağlı elan qarşısına çıxmış, həmin səhifəyə daxil olub orada qeyd olunmuş ***-***-**-** nömrəli mobil telefon ilə əlaqə saxlamış, bu zaman onunla danışan şəxs 1000 manat məbləğdə kredit verə biləcəyini, komissiya haqqı olaraq 60 manat pul verməli olduğunu bildirmişdir. O da həmin şəxsə inanaraq xx.xx.2025-ci il tarixdə həmin şəxsin bildirdiyi 4189-8000-****-7224 nömrəli kart hesabına 60 manat pul göndərmişdir. Bundan sonra həmin şəxslə əlaqə saxlamaq mümkün olmamışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin əməlin Cəlilabad şəhəri, 20 yanvar küçəsi ev 76-da qeydiyyatda olan Şəxs tərəfindən törədilməsi və həmin şəxsin Abşeron rayonu ərazisində yaşadığı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə KM üzrə əməliyyat müvəkkili Təbriz Şahmarlı ilə birlikdə Şəxs Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” Yaşayış Kompleksinin yaxınlığında saxlanılaraq araşdırma materialı ilə bağlı 3-cü PB-yə dəvət edilmiş, o da etiraz etmədən avtomobilə əyləşib gəlmişdir. Lakin, 3-cü PB-nin inzibati binasının qarşısında Şəxs gözlənilmədən avtomobildən düşüb qaçaraq uzaqlaşmağa çalışmış, qaçdığı zaman yerə yıxılaraq sifət nahiyəsindən xəsarət almışdır. Ayağa qalxmağa köməklik edib nizam-intizama dəvət etdikdə o, uca səslə ünvansız nalayiq ifadələr işlədib PB-yə getməkdən imtina etməklə ictimai qaydalara zidd davranış sərgiləyərək qanuni tələblərə tabe olmamışdır. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:50 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin qarşısındakı ünvanda nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə əməl etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə, saat 11:40-da azad olunmuşdur. Müdafiəçi təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədi ilə müdafiəçi dəvət edilərək inzibati xəta prosesində iştirakının təmin edilməsi, hüquqi yardımın dövlət hesabına həyata keçirilməsi qərara alınmışdır. Şəxs xx.xx.2025-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Xırdalan şəhəri ərazisində saxlanılaraq 3-cü PB-yə gətirildiyi zaman polis bölməsinin qarşısında avtomobildən düşüb qaçmaq istədikdə yerə yıxılaraq sifət və sol qol nahiyələrindən xəsarət almış, buna dair hər hansı polis əməkdaşı və ya şəxs barəsində şikayət və tələbi yoxdur, həmçinin məhkəmə tibbi-ekspertizasından keçməkdən imtina etdiyini, ərizənin nəzərə alınmasını xahiş etmişdir. İnziabti xəta haqqında işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi yaranmamışdır. Belə ki, işin halları ilə təsdiq edilir ki, Şəxs etdiyi hərəkətlərdə niyyəti ictimai qaydanı pozmaq olmamışdır. O, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşları ilə bölməyə gedən zaman avtomobildən düşüb qaçmış və qaçarkən yıxılaraq xəsarət almışdır. Bu zamanı barəsində icraat aparılan şəxsin hər hansı ifadələr işlətməsi və səs-küy salması, məhz ictimai qaydanı pozmaq niyyəti ilə edilməmişdir. Bu hərəkətlər şəxsin etdiyi tabesizliyin tərkib elementi kimi çıxış etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs əməllərində yalnız Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi yaranmışdır. Bu səbəbdən də onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 20:00-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar