Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-769/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:15 radələrində Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universitetinin qarşısında səs-küy salaraq xırda xuıiqanlıq etmiş, bundan başqa o, xx.xx.2025-ci il tarixdə, saat 13:15 radələrində Sumqayıt şəhəri, SDU-nun qarşısında YPX əməkdaşlarının xidməti fəaliyyətinə mane olaraq iş rejimini pozmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq etdiyi hərəkəti davam etdirmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X4 tərtib edilmiş protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:15 radələrində Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universitetinin qarşısında səs-küy salaraq xırda xuıiqanlıq etmiş, bundan başqa o, xx.xx.2025-ci il tarixdə, saat 13:15 radələrində Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universitetinin qarşısında YPX əməkdaşlarının xidməti fəaliyyətinə mane olaraq iş rejimini pozmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq etdiyi hərəkəti davam etdirmişdir. Şəxs sənədləri istəyən zaman səs-küy salmışdır. Daha sonra ondan nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi tələb edilən zaman, Şəxs bu tələbə tabe olmamış, onların tələblərinin qanunsuz olduğunu bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, yol patrul inspektoru ilə yüksək səslə danışmamışdır. O, Sumqayıt Dövlət Universitetinin tələbələrinin daşınması üçün Azər Hüseynova məxsus “Hyundai” markalı avtobus idarə edir. Həmin avtobusun idarə edilməsi üçün dövlətə qanunauyğun şəkildə vergi də ödəyir. Lakin, həmin avtobus təmirdə olduğu üçün üç gün müddətində əvəzləyici avtobusdan istifadə etmişdir. O, həmin avtobusu idarə etməsə də, tələbələri tanıdığı üçün avtobusda olmuşdur. Avtobusda olan tələbələr universitetin qarşısında düşdükdən sonra yol patrul inspektoru avtobusu saxlamış, avtomobilin cərimə meydançasına yerləşdirilməsinin lazım olduğunu bildirmişdir. YPX əməkdaşından bunun səbəbini soruşduqda o, bir daha avtomobilin cərimə meydançasına yerləşdirilməli olduğunu bildirmiş, o da YPX əməkdaşına nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi üçün heç bir səbəb olmadığını söyləmişdir. YPX əməkdaşı ona səbəb olaraq qeyri-qanuni sərnişin daşınması ilə bağlı nəqliyyat vasitəsinin mühafizə duracağına yerləşdirilməli olduğunu bildirmişdir. O, əgər sərnişin daşınması üçün fərqlənmə lisenziyası yoxdursa, dövlət tərəfindən nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduğunu, qeyd edilən səbəbə görə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi nəzərdə tutulmadığını bildirmişdir. Bundan öncə idarə etdiyi avtobusun xüsusi icazəsi var. Bununla bağlı sənəd də təqdim edə bilər. İnspektor daha sonra nəqliyyat vasitəsinin ikinci cərgədə saxlanılaraq sərnişin düşürülməsini ona irad bildirmişdir. Bununla bağlı da qanunla müəyyən edilmiş qaydada cərimə nəzərdə tutulduğunu, yazıldığı təqdirdə ödəməyə hazır olduğunu bildirmişdir. Daha sonra yol patrul inspektoru tərəfindən post patrul əməkdaşları universitetin qarşısına dəvət edilmiş, yol patrul inspektoru post patrul əməkdaşlarına onun tabesizlik göstərdiyini bildirmişdir. Lakin, o, yol patrul inspektorunun işinə heç bir müdaxilə etməmiş, səs-küy salmamış, sadəcə olaraq nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin səbəbini soruşmuşdur. Məhkəmədən qərar qəbul edilərkən himayəsində iki azyaşlı uşağının olmasının və həyat yoldaşının xəstə olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti inspektoru polis serjantı X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Bakı küçəsində xidmətdə olarkən nəqliyyat vasitəsinin qanunsuz sərnişin daşınması ilə bağlı olaraq dayandırıb sənədlərini yoxlamaq istəmişlər. Sənədlər yoxlanan zaman Şəxs polisin işinə maneə yaratmış, kənardan müdaxilə etməyə başlamışdır. Nəqliyyat vasitəsində kəmərlərin, palçıq qaytarıcıların olmaması səbəbindən duracağa yerləşdirilməsi tələb edilən zaman Şəxs sərnişinlərin mənzilə çatdırılmasını və daha sonra avtomobilin duracağa aparılmasının bildirmişdir. Şəxs tərəfindən onlara heç bir müqavimət göstərilməmiş, o, polisə tabe olmuş, sadəcə olaraq səs-küy salması ilə bağlı polis bölməsinə təmin edilmişdir. Qeyd edilən hal baş verərkən patrul maşını söndürüldüyündən səs yazısı və ya video-yazı qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında bildirmişdir ki, hadisə zamanı həmin ərazidə olmuşdur. O, saxlanılan nəqliyyat vasitəsinin sahibidir. Sumqayıt Dövlət Universitetinin qarşısında sərnişinləri düşürən zaman polis əməkdaşları yaxınlaşmış və YPX əməkdaşları kobud şəkildə avtomobilin aparılma səbəbini izah etmədən duracağa aparılmasını tələb etdilər. Vüsal polis əməkdaşlarından sadəcə avtomobilin duracağa aparılmasının səbəbini soruşmuşdur. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaların tərkib əlamətləri yoxudur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən Bakı küçəsində **-DH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin qanunsuz sərnişin daşıma ilə bağlı hərəkəti dayandırılmış və sənədlər yoxlanılarkən əvvəldən tanımadığı şəxs ona yaxınlaşaraq polisin iş rejimini və qanuni fəaliyyətini pozmuş, həmin şəxsə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərinə davam etmişdir. Həmin şəxsi PPX-nin köməyi ilə aidiyyəti üzrə PB-yə təmin edilmiş və PB-də şəxsin Şəxs olması müəyyən edilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində, SDU-nun qarşısında səsküy salaraq xırda xuliqanlıq əməlini törətmişdir. Nəticədə Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində, SDU-nun qarşısında YPX əməkdaşlarının xidməti fəaliyyətinə maneə olaraq iş rejimini pozmuş, dəfələrlə xəbərdarlıqlara baxmayaraq etdiyi hərəkəti davam etdirmişdir. Nəticədə Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 12:00-da azad edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti inspektoru polis serjantı X5 izahatında Şəxs tərəfindən onlara heç bir müqavimət göstərilmədiyi və onun polisə tabe olduğu, sadəcə səs-küy saldığı üçün post patrul xidməti əməkdaşlarının çağırıldığını bildirmişdir. Həmçinin, barəsində inzibati qaydada icraat aparılan şəxsin səs-küy salmasına dair hər hansı səs və ya video yazının olmadığını, həmin vaxt patrul maşınının söndürüldüyünü qeyd etmişdir. Göründüyü kimi raportu tərtib etmiş Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti inspektoru polis serjantı X2 izahatı ilə tərtib edilmiş raport arasında ziddiyyətli məqamlar mövcuddur. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərtib edilmiş raport iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beləliklə protokol tərtib etmiş şəxsin məhkəməyə təqdim etdiyi sübutların özündə iddia edilən inzibati xətanın törədilməsi ilə bağlı ziddiyyətli məqamlar yaranmışdır. Qeyd edilən ziddiyyətli sübutlardan əlavə məhkəməyə hər hansı əlavə sübut təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə səs-küy salmadığını, sadəcə nəqliyyat vasitəsinin duracağa aparılmasının səbəbini soruşduğunu bildirmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, təqdim edilmiş sübutların məcmusu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlinməsi üçün kifayət etmir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələr ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilməməsi səbəbindən xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsini ilə sübut etmək vəzifəsi protokol tərtib etmiş şəxsin üzərinə düşür, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı şübhələr və ziddiyətli məqamlar onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosuna köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-769/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-769/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver