Məhkəmə qərarları › İş №3(060)-770/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-770/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-770/2024 05.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1980-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN1746500 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-448/2020 saylı icra sənədi üzrsüz səbəbdən yerinə yetirilmir. İcra Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)- 448/2020 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməlidir. İcra sənədi üzrə icra məmuru xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Bu günə qədər icra sənədi üzrə cəmi 1155 mant ödəniş edilmiş, 14.445 manat isə aliment borcu yığılmışdır. Borclu yalnız bu gün 600 manat ödəniş etmək istədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra tələbi üzrə ödənişlər əvvəllər edilmiş, 2023-cü ildə cəmi 155 manat ödəniş olmuş, 2024-cü ildə isə ödəniş olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, aliment borcunun ödənilməsindən yayınmır, maddi imkanı zəif olduğu və işləmədiyi üçün ödəniş edə bilməmişdir. Belə ki, aliment borcu pandemiya vaxtından yaranmışdır. Həmçinin bildirmişdir ki, o ailəsinin maddi təminatı ilə daim maraqlanmış, onlara əşyaları ilə birlikdə ev vermişdir. Həmişə ailəsi ilə maraqlanaraq onların zəruri ehtiyaclarını qarşılamışdır. Sadəcə bu ödənişləri rəsmi qaydada vermədiyi üçün qarşı tərəf etiraf etmir. Bu gün 600 manat ödəniş edə bilər. Həmçinin ay sonuna kimi əlavə 1000 manat ödəniş edə bilər. Qalan borcu isə satışda qoyduğu mənzili satılan ödəməyə söz verir. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədininin icrasında qərəzli yayınmır, işin hallarından görünür ki, ödənişlər olmuşdur. Borclu sadəcə maddi imkanı olmadığı üçün tam ödəniş edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati iş üzə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(007)-448/2020 saylı icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-448/2020 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildirişi rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(060)- 2080/2021 saylı qərarından görünür ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan tələbkarın Sumqayıt şəhər İcra İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, tələbkar 14.445 manat məbləğində aliment borcunun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-448/2020 saylı icra sənədi üzrə aliment borcundan bu günə qədər yalnız 1.155 manat ödəniş etmiş və bu günə 14.445 manat aliment borcu yığılmışdır. Həmçinin müəyyən edilmişdir ki, icra tələbi 2023-cü ildə cəmi 155 manat ödəniş olmuş, 2024-cü ildə isə ödəniş olmamışdır. Həmçinin Şəxs hazırki icra sənədini qərəzli olaraq icra etmədiyinə görə daha öncə də İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Borclu hazırda yaranmış 14.445 manat məbləğində aliment borcuna münasibətdə yalnız 600 manat ödəniş edəcəyini bildirmiş, zərərçəkmiş şəxs isə (icra işi üzrə tələbkar) nümayəndəsi vasitəsi ilə bu gün icra idarəsinə müraciət edərək borcun tam ödənilməsini tələb etmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 05 aprel 2024-cü il tarixdən, saat 16:35-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 05 aprel 2024-cü il tarixdən saat 16:35dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar