Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-771/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonu, Təkdam kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Təkdam kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 31 mart 2023-cü il tarixli MN №li ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o xx.xx.2023-cü il tarixdə saat 11:10-da 4-cü PB-nin növbəçi hissəsində səs-küy salaraq bölmənin iş rejimini kobud surətdə pozmuşdur və xırda xuliqanlıq hərəkətləri etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 31 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə gece saatlarında taksi kimi idarə etdiyi avtomobilin maqintafonuna yüksək səs verərək şəhər içində idarə etdiyindən PPX-nın əməkdaşları tərəfindən saxlanılmış, aralarında mübahisə baş verdiyindən onu ərazi üzrə PB-nə gətirmişlər. xx.xx.2023-cü il tarixdə onun barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan protokolun surətini əldə etmək üçün o, xx.xx.2023-cü il tarixində saat 11 radələrində 4-cü PB-nin gəlmiş, növbəçi hissənin qarşısında səs-küy salaraq bölmənin iş rejimini kobud surətdə pozmuş, onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, yenə öz hərəkətlərinə davam edərək əlini davamlı olaraq stola vurub xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə gece saatlarında taksi kimi idarə etdiyi avtomobilin maqintafonuna yüksək səs verərək şəhər içində idarə etdiyindən PPX-nın əməkdaşları tərəfindən saxlanılmış, aralarında mübahisə baş verdiyindən onun barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. Onun barəsində tərtib olunmuş protokolu əldə etmək üçün xx.xx.2023cü il tarixdə 4-cü PB-nə getmişdir. PB-də Növbətçi hissədən barəsində tərtib olunmuş protokolun surətini tələb etdikdə ona bildirilmişlər ki, porokol növbətçi hissədə olmur, icraçı Rəşad İsmayılovdadır. Ona Rəşadla əlaqə saxlanılması bildirilmişdir. Protokol tərtib olunan gün rəisin qəbulunda olmuş, rəis ona qarşı xoşagəlməz və qadına yaraşmayan sözlərdən istifadə etmişdir. Daha sonra ona qadınların üz qarası deyərək təhqir etmişdir. Bu yaşananlardan sonra xx.xx.2023-cü il tarixdə PB-də olarkən ona yenidən rəisin qəbuluna getməsi deyildiyindən xx.xx.2023-cü il tarixdə yaşananları xatırladığından əsəblərinə hakim ola bilməyib növbətçi hissənin qarşısında olan stola əl zərbəsi ilə vurmuş və zərbədən qolunda olan saat qırılıb yerə düşmüşdür. O rəisin qəbuluna getmək istəmədiyindən bu hərəkətlərə yol vermişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin məsul növbətçisi, polis mayoru Şahid izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində 4-cü PB-də cədvəl üzrə məsul növbətçi olarkən, Şəxs növbətçi hissənin qarşısında ucadan qışqıraraq səs-küy yaratmış, PB-nin iş rejimini pozmuşdur. Onu dəfələrlə nzam-intizama dəvət etsələr də o, yenə öz hərəkətlərinə davam edərək əlini davamlı olaraq bölmədəki stolun üstünə çırparaq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, məhkəməyə təqdim olunmuş DVD diskdə qeydə alınmış görüntüyə baxaraq və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli Qohumluq məlumatı barəsində sorğudan görünür ki, Şəxs xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşağı vardır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs himayəsində on iki yaşında uşağının olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində on iki yaşında uşağının olmasını və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 50,00 (əlli) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-771/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-771/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver