Məhkəmə qərarları › İş №3(060)-771/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-771/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-771/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonu Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, kuryer işləyən, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə 03 aprel 2025-ci il tarixli İXP7018407 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru X4 izahatında bildirmişdir ki, 03 aprel 2025-ci il tarixdə saat 09:36 radələrində Şəxs “Toyota Prius” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Azərbaycan prospektində idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, saxlanılarkən özünü qeyri-adekvat apardığı üçün narkotik vasitə təsiri altında olmasından şübhələmişlər, bu səbəbdən də müvafiq müayinəyə cəlb edilmişdir. Müayinə zamanı Şəxs narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, R.V.Bayramov il ərzində anoloji xətaya təkrar yol vermişdir. Ona görə də tərəfindən Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o özünə məxsus olan “Toyota Prius” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə kuryer fəaliyyəti göstərir. Təxmini üç ildir ki, bəzən narkotik vasitə olan marixuanadan istifadə edir. Lakin, narkotik vasitə istifadə edib avtomobil idarə etmir. Bu gün də saxlanılan zaman narkotik vasitə təsiri altında olmamışdır. Təxmini üç gün öncə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əvvələr də barəsində narkotik vasitə istifadə etməklə avtomobil idarə etməyə görə iki dəfə iş olmuşdur. Bir dəfə isə eyni məsələyə görə bu ilin fevral ayında cərimə edilmişdir. Hazırda əməlindən peşmandır. Göstərilən halları, həmçinin xəstə anasının olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmanlığını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün Sumqayıt ŞPİ-nin X7 Şöbəsində yazdığı etiraf edici izahatı, həmçinin inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 03 aprel 2025-ci il tarixli İXP7018407 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 03 aprel 2025-ci il tarixdə saat 09:36 radələrində Şəxs “Toyota Prius” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Azərbaycan prospektində idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra isə müayinə zamanı narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1967 saylı, 03 aprel 2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Şəxs götürülmüş nümunədə onun marixuna istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Suraxanı RPİ-nin X7 Şöbəsinin 10 fevral 2025-ci il tarixli TP7041953 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-də yazdığı izahatından görünür ki, o, marixuna qəbul etməsini etiraf edərək məsuliyyət daşımağa razı olduğunu bildirmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh almış, həmin qərar qüvvəyə mindiyi gündən bir il ərzində eyni inzibati xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsinin tərkibi yaranmışdır. İş üzrə icraata xitam verilməsi və şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsi ilə birgə həmin Məcəllənin 329.1-ci maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və inzibati həbsin əvvəli 03 aprel 2025-ci il tarixdən saat 15:20-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 03 aprel 2025-ci il tarixdən, saat 15:20dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar