Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-773/2024 05.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar İbrahimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində sərxoş vəziyyətdə Sumqayıt şəhəri, M.F.Axundov küçəsi 2-də yerləşən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binası daxilində polisin ünvanına, eləcə də ünvansız küçə söyüşləri söymüş və növbətçi hissənin iş rejimini pozmuşdur. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində sərxoş vəziyyətdə Sumqayıt şəhəri, M.F.Axundov küçəsi 2-də yerləşən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binası daxilində növbətçi hissənin iş fəaliyyətini pozmaqla polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 05 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar İbrahimov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində sərxoş vəziyyətdə Sumqayıt şəhəri, M.F.Axundov küçəsi 2-də yerləşən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binası daxilində polisin ünvanına, eləcə də ünvansız küçə söyüşləri söymüş və növbətçi hissənin iş rejimini pozmuşdur. Həmçinin sərxoş vəziyyətdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binası daxilində növbətçi hissənin iş fəaliyyətini pozmaqla polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, bir şəxsin ona borcu olmuş, həmin borcu vaxtında qaytarmadığına görə 3cü Polis Bölməsinə müraciət etmiş, lakin müraciətinə düzgün baxmamışlar. Həmin vaxt içkili olmuş, özündə olmadığından DİN-nin 102 xidmətinə zəng edərək özünə xəsarət yetirəcəyini bildirmişdir. O, polis əməkdaşlarına qarşı ünvansız ifadələr işlətməmiş və heç bir tabesizlik göstərməmişdir. Əməlindən peşmandır, səhv etmişdir, içkili olmuşdur, bir daha təkrarlanmayacaqdır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində növbədə olduğu zaman Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən Şəxs sərxoş vəziyyətdə bölməyə gətirilmiş, bölmədə ünvansız nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət olunmasına baxmayaraq tabesizlik göstərmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin məsul növbətçisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs 4-cü PB-də qəbul edilərkən bədənində sağ üz nahiyəsində xəsarət izinin olduğu müəyyən edildi. Sorğu zamanı Şəxs həmin xəsarətləri üzünü ülgüclə qırxarkən aldığını bildirdi. İş materiallarında olan A/659 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti vardır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 04:25-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:35-də azad edilmişdir. İş materiallarını araşdıraraq, protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidi, müdafiəçini, dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizamintizama dəvət edilməsinə baxmayaraq məhəl qoymamış, polisin qanuni tələbinə tabe olmayaraq iş rejimini pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində, yəni AR İXM-in 535.1-ci maddəsi ilə tənbeh tətbiq edilməlidir Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta törətmiş şəxs Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi ilə nəzərə alınaraq İXM-nin 34.3-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-773/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-773/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver