Məhkəmə qərarları › İş №3(060)-775/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-775/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-775/2023 17.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt şəhər məhkəməsinə daxil olmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, Babayev X1 Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs tərtib edilmiş protokolla razılaşmayaraq bildirdi ki, etibarnamə əsasında idarə etdiyi **-XU-*** dövlət qeydiyyat nişanlı “Mercedes- Benz C220” minik markalı maşın ilə 28 fevral 2023-cü il tarixdə axşam saat təxminən 10- 11 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində hərəkətdə olan zaman yol polislərinin yanında keçərək getmişdir. Təxminən beş yüz metr hərəkət etdikdən sonra dostu ilə kimsənin dava etdiyi barədə məlumat almış bu səbəbdən avtomobili yaxılıqdaki məhəllədə saxlayaraq mübahisə edilən yerə tələsərək getmişdir. Bir müddət sonra avtomobilində olan digər dostu ona zəng edərək yol polisi əməkdaşları tərəfindən avtomobilin duracağa aparıldığı barədə ona telefon vasitəsilə zəg olunaraq bildirilmişdir. O da öz növbəsində qısa zamanda avtomobilini saxladığı ünvana gələcəyini deyərək maşının götürülməməsini xahiş etmiş, buna baxmayaraq Yol Polis əməkdaşları tərəfindən “Mercedes-Benz C220” minik markalı, ** XU *** d.n.n-lı avtomobil xx.xx.2023-cü ildə müvafiq duracağa yerləşdrilmişdir. Qeyd edilən halların araşdırılması məqsədi ilə o, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin inzibati binasına yaxınlaşaraq nə baş verdiyini öyrənmək istəsə də ona bu barədə məlumat verən olmamışdır. Daha sonra özü Sumqayıt Respublika Narkoloji Mərkəzinə yaxınlaşaraq sərxoşluq müayinəsindən keçmək istəsə də, ona yol polisi əməkdaşlarının iştirakı olmadan yoxlama aparmağın mümkünsüz olduğunu bildirmişlər. Səhər açıldıqdan sonra yenidən Dövlət Yol Polis Şöbəsinin inzibati binasında olub, hadisə barədə məlumat əldə edən zaman ona məlum olmuşdur ki, 28 fevral 2023-cü il tarixdə saat təxminən 10-11 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində hərəkətdə olan zaman yol polis əməkdaşları ona “dayanma” əmri vermiş, o isə buna məhəl qoymaraq, maşını tərk edərək hadisə yerindən uzaqlaşmışdır. O, yol polis əməkdaşlarından bu faktı təsdiq edən sübutu tələb edəndə, polis əməkdaşı kamera görüntüsünün olduğunu bildirmişlər, kamera görünütüsünün ona təqdim edilməsini təlb etdikdə ona hər hansı görüntü təqdim edilməmiş və yalnız barəsində tərtib edilmiş protokol ilə birlikdə məhkəməyə göndəriləcəyini bildirmişlər. Şəxs izahatında eyni zamanda bildirdi ki, yol polis əməkdaşları tərəfindən ona heç bir “dayanma” əmri verilməmişdir. Həyati risk olduğu üçün maşından düşmək məcburiyyətində qalmışdır. O, hadisə zamanı heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Ona əsassız olaraq protokol tərtib olunmuşdur. Qeyd etdiklərini və əməlində inzibati xəta olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılması və bu zaman onun tibbi müayinədən imtina etməsi faktı sübuta yetirilməmişdir. Bundan başqa “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktda avtomobilin duracağa təqdim edilmə tarixi cızma qara edildiyindən həmin tarixi tam dəqiq müəyyən etmək mümkün olmamışıdır Bundan başqa avtomobilin məhz hansı saatda saxlanca təhvil verildiyi də aktda qeyd edilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmədə vermiş olduğu izahatla müqayisəli təhlil etmək üçün onun Sumqayıt ŞPİ-nin DYPŞ-də vermiş olduğu izahatını günün hansı saatında verdiyi öz əksini tapmamışdır. Göstərilənələrə əsasən məhkəmə Şəxs hərəkətlərində inzibati xəta tərkibinin olmaması, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarına Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılması və bu zaman onun tibbi müayinədən imtina etməsi faktını təsdiq edən hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmiş, avtomobilin duracağa yerləşdirilməsini təsdiq edən aktda qeyd olunan tarixi cızma-qara edilməklə onun müəyyən edilməsinin qeyri mümkün olmuş bundan başqa izahatda saat dəqiq göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar